Azərbaycanda ilk dəfə olaraq aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Müştərək Aqrar Sığorta Şirkəti yaradılması nəzərdə tutulur.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu məqsədlə ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən bütün şirkətlərə müraciət edilib, onlara yeni yaradılacaq müştərək sığorta şirkətinin nizamnamə kapitalında iştirak təklif olunub.
Yeni yaradılacaq şirkət Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərəcək.
Sığorta şirkətlərinin bir hissəsi artıq yeni şirkətin nizamnamə kapitalında iştirak üçün öz razılıqlarını bildiriblər, bununla əlaqədar olaraq həmin şirkətlərin səhmdarlarının yığıncağı keçirilib və müvafiq qərar qəbul edilib.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılması üçün təsis yığıncağı iyulun 24-də keçirilib. Yığıncaqda yeni şirkətin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 sığorta şirkəti iştirak edib və şirkətin təsis edilməsi haqqında qərar verilib.
Təsis qərarından sonra şirkətin fəaliyyətinə icazə verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) ilkin müraciət göndərilib. AMB tərəfindən ilkin müraciətə cavab verildikdən sonra şirkətin dövlət qeydiyyatına alınması üçün müraciət ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 000 000 (bir milyon manat) manat həcmində müəyyən olunub.
Bununla yanaşı, maliyyə dayanıqlığının təmin edilməsi və prudensial normalara əməl edilməsi məqsədilə şirkətin dövlətin müəyyən etdiyi minimum həcmdən daha böyük məbləğdə nizamnamə kapitalı formalaşdırmaq hüququ var.
Təsisçilərlə əldə edilmiş razılığa əsasən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.
Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.