2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda nadir quşların saxlanıldığı təsərrüfat fəaliyyət göstərir

Lənkəranın Liman şəhərində yaşayan 74 yaşlı quşbaz Abbas Abbasov həyətyanı sahəsində 300-ə yaxın müxtəlif cinsli quş saxlayır. Əlli ildir bu işlə məşğul olan Abbas kişinin təsərrüfatını görmək istəyənlər arasında nəinki ölkənin müxtəlif bölgələrindən, hətta xaricdən gələn turistlər də var.

Abbas Abbasovun təsərrüfatında dünyanın müxtəlif ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür. O, yaratdığı quş parkında daha çox tovuzquşu, qızılqaz, qırqovul, mandarin və karalin ördəkləri, sultan toyuğu quşları saxlayır. İşindən zövq alan Abbas kişi bildirir ki, quşların yemlənməsi nə qədər çətin olsa da, buna xüsusi diqqət göstərir. Bəzi hallarda sakinlər tapdıqları yaralı quşları gətirib ona təhvil verirlər. Həmin quşlar sağaldıqdan sonra təbiətə buraxılır: “Demək olar yarım əsrdir quş saxlayıram. Təbiətə, canlılara marağım böyükdür, özüm də ekoloqam. Saxladığım quşlarla yanaşı, çox vaxt mənə yaralı quşları da gətirib verirlər. Hansı ki, adları “Qırmızı kitab”a düşüb, onu təhvil alanda sənədləşdiririk, sağaldıqdan sonra isə zooparka verirəm”.

Təsərrüfatçının saxladığı quşların içərisində ən kiçiyi bildirçindir. Onun çəkisi 50 qram təşkil edir. “Qırmızı kitab”a düşən nadir canlıları bəsləmək və saxlamaq elə də asan başa gəlmir. Ev quşlarının içərisində ən çox maraq doğuran isə “ayama” adlı qara toyuqlardır: “Bu, çox nadir quşdur. Açıq təbiətdə yoxdur bundan. Bu toyuğu mən Polşadan gedib gətirmişəm. Bir cüt gətirmişdim, indiyədək ondan 200 cücə almışam”.

Abbas Abbasov ömrünün böyük hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində – Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziyada flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib. İndi onun ən böyük arzusu zoopark yaratmaqdır. Bunun üçün quşbaza dövlət tərəfindən 50 sot torpaq sahəsi də verilib.

Son xəbərlər
Digər xəbərlər