Azərbaycanın ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 mlrd. 439 mln. manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 2 mlrd. 665 mln. manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 769 mln. manatı POS-terminallar, 4.2 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşib.
Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil edib.
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.9% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.6%, kredit kartları üzrə 27% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artıb.