2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyon 270,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır. Bununla belə keçən aya qədər azalma dinamikası 3.3% idi.
Hesabat dövründə əmtəəlik xam neft hasilatı 13 milyon 235,8 min ton təşkil edib ki, bu da illik müqayisədə 3,1% azalma deməkdir. İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 246,3 min ton xam neft ehtiyatı qalıb.
Bununla yanaşı, təbii qaz hasilatı artım nümayiş etdirib. İlk altı ayda 25 milyard 179,7 milyon kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% çoxdur. Əmtəəlik təbii qaz istehsalı isə 19 milyard 551,4 milyon kubmetr olmaqla illik müqayisədə 1,1% artıb.
Bu arada, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2026-cı il üzrə Azərbaycanda gündəlik neft hasilatı proqnozunu 540 min bareldən 550 min barelə yüksəldib. Qurum ilin ikinci rübü üzrə proqnozunu da 550 min barelə qaldırıb, üçüncü və dördüncü rüblər üzrə gözləntisini isə hər biri üçün 540 min barel səviyyəsində saxlayıb. Bu göstəricilər 2025-ci ildə qeydə alınmış gündəlik 570 min barellik hasilatdan aşağıdır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 10 milyon 125.5 min ton neft ixrac olunub.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkə İtaliya, Çexiya və Bolqarıstandır.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-iyun aylarında neft ixrac etdiyi TOP-10 ölkənin siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin 6 ayına nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin 6 ayına nisbətən |
| 1 | İtaliya | 5 915 025,7 | -13,3 % | 3 495 238,7 | -3 % |
| 2 | Çexiya | 705 791,3 | -16,6 % | 497 377,6 | +10,6 % |
| 3 | Bolqarıstan | 358 843 | +4,5 dəfə | 253 113,5 | +5,2 dəfə |
| 4 | Rumıniya | 461 317,3 | -32,7 % | 247 845 | -34,4 % |
| 5 | Hindistan | 320 497,3 | -* | 247 367 | -* |
| 6 | Portuqaliya | 395 031,6 | -31,4 % | 221 958 | -28,5 % |
| 7 | Almaniya | 360 299 | -36 % | 210 855,8 | -30,3 |
| 8 | Tunis | 307 167 | +2,4 dəfə | 187 605,1 | +2,8 dəfə |
| 9 | Yunanıstan | 284 374,7 | +22,4 % | 182 764,5 | +41,7 % |
| 10 | Xorvatiya | 276 343 | -63 % | 162 720,4 | -60,2 % |
| Digərləri | 740 777,4 | x | 524 576,7 | x | |
| Cəmi | 10 125 467,2 | -15,9 % | 6 231 422,2 | -2,8 % |
* Ötən ilin eyni dövründə tədarük olmayıb.







