6 C
Baku
Monday, December 15, 2025

Azərbaycanda NEZ 92 oktanlı benzinin istehsalını 11% artıra bilib

Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında neft məhsullarının istehsalı artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə avtomobil benzini istehsalı 1 milyon 342,2 min tona çataraq əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,9% artıb.  Dizel yanacağı istehsalı 2 milyon 329,1 min ton səviyyəsində qeydə alınaraq 18,4% artıb, hazır məhsul ehtiyatı isə 142,7 min ton təşkil edib.

Qeyd edək ki, eyni zamanda 2025-ci ilin ilk 10 ayında avtomobil benzininin idxal düşüb. Belə ki, 92 oktanlı benzin idxalı 83,0 min ton təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 41% azalıb, idxalın dəyəri isə 64,4 mln. dollar olub. Bunun əksinə olaraq, 95 oktanlı benzin idxalı kəskin artaraq 121,2 min tona çatıb ki, bu da 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə təxminən 86% çoxdur, idxal dəyəri isə 103,5 mln. dollar təşkil edib.

98 oktanlı benzin idxalı isə nisbətən sabit qalaraq 1,8 min ton səviyyəsində olub və illik müqayisədə təxminən 8% artıb.

Ağ neft istehsalı isə 634,4 min ton olub, bu da illik müqayisədə 14,3% çoxdur.

Mazut istehsalı 58,7 min tonla keçən ilin göstəricisindən yalnız 2,1% çoxalıb, sürtkü yağlarının istehsalı 32,8 min ton olub və illik müqayisədə 51,7% azalıb. Maye qaz istehsalı 206,7 min ton təşkil edərək 24,3% artıb. Neft koksu, neft bitumu və digər neft məhsullarının qalıqları 684,4 min ton istehsal edilərək əvvəlki ilə nisbətən 29,5% azalıb. Bunun içərisində neft bitumu istehsalı 225,6 min ton, neft koksu istehsalı isə 218,6 min ton təşkil edib ki, bu da müvafiq olaraq 5,1% azalma və 25,8% artım deməkdir.

2025-ci ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatları avtomobil benzini üzrə 79,2 min ton, ağ neft üzrə 18,6 min ton, dizel üzrə 142,7 min ton, mazut üzrə 1,4 min ton, sürtkü yağları üzrə 1,1 min ton, maye qaz üzrə 3 min ton, neft bitumu üzrə 6,6 min ton, neft koksu üzrə isə 41,9 min ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər