29 C
Baku
Wednesday, August 20, 2025

Azərbaycanda NEZ ‘istənilən həcmdə’ Aİ-92 benzini istehsal edə bilmir – Bir hissəsi xaricdən alınır

2025-ci ilin ilk yarısında Azərbaycanın xaricdən idxal etdiyi avtomobil benzini ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Banker.az xəbər verir ki, 92 oktanlı benzin idxalı 2025-ci ilin ilk 6 ayında 83 min ton olub, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4.2 dəfə artım deməkdir. Dəyəri isə 64.4 mln dollar təşkil edib, artım 4 dəfə olub.

Beləliklə, ölkənin Aİ-92 benzinin tələbinin 9 faizi idxalın hesabına qarşılanıb.

Orta qiymət isə hər ton üçün 2024-cü ildə 860 dollar olduğu halda, 2025-də 776 dollar-a enib. İllərdir ölkədə premium markalı (Aİ-95) benzinin istehsal ediləcəyi bildirilsə də, hələ ki, Aİ-92 istehsal edilir. Lakin 2025-ci ildə ölkənin neft emalı zavodu öncəki ildəki qədər istehsal həyata keçirə bilməyib. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 7 ayında ölkədə 811 min ton Aİ-92 markalı avtomobil benzini istehsal edilib. Bu öncəki ildən 3.8 faiz aşağıdır.

Yeri gəlmişkən, Aİ-92 benzinin qiyməti dövlət tərəfindən tənzimlənir. 2024-cü ilin ikinci yarısından etibarən bir tonun pərakəndə qiyməti 1 310 manatdan 1 441 manata, bir litri isə 1 manatdan 1.1 manata qaldırılıb. Hazırda topdan satışda bir tonu 1 289.82 manatdır.

Premium marka sayılan 95 oktanlı benzin idxalı 64.8 min tona yüksəlib, bu da ötən illə müqayisədə 90% artım deməkdir. Dəyəri isə 54.6 mln dollara çatıb, artım 61% olub. Orta qiymət 2024-cü ildə hər ton üçün 997 dollar, 2025-də isə 843 dollar təşkil edərək azalıb.

Super premium 98 oktanlı benzin idxalında isə əksinə, azalma müşahidə edilib. 2025-ci ildə həcmi 981 ton olub, bu da illik müqayisədə 12% azalma deməkdir. Dəyəri isə 1,203 min dollara düşüb (–12%). Orta qiymət hər ton üçün 2024-də 1 227 dollar, 2025-də isə 1 226 dollar olub, yəni dəyişməyib.

Son xəbərlər
Digər xəbərlər