11 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda ofisiantlara bəxşişlərin nağdsız ödənilməsi layihəsi niyə özünü doğrultmur?

Son illərdə Azərbaycanda kafe və restoran sektorunda nağdsız ödəmə sisteminin geniş yayılması ilə bərabər, ofisiantlara bəxşişlərin də nağdsız verilməsi gündəmə gəlib. Bununla bağlı startaplar da həyata keçirilir. Bəs ofisiantlara ödənişlərin nağdsız verilməsi nə kimi üstünlüklər və çətinliklər yaradır?

İqtisadçı ekspert Orxan Məmmədzadə bildirib ki, ofisiantlara bəxşişin nağdsız formada verilməsi ilə bağlı xarici ölkələrdə də geniş təcrübə var: “Azərbaycanda bunun həyata keçirilməsi üçün müəyyən addımlar atılıb, startap kimi mobil tətbiq vasitəsilə bəzi restoranlarda icra olunub. Lakin bir sıra səbəblərdən layihə özünü doğrultmadı. Burada əsas məsələ ofisiantın kartına bəxşiş kimi oturan yekun məbləği gəlir kimi bəyan etməsidir. Vergi məcəlləsində ofisiantların fəaliyyəti ilə əlaqədar ayrıca maddə var və burada ofisiant sadələşdirilmiş vergi ödəyicisi hesab olunur, hər ay sabit şəkildə vergi ödəyir”.

Ekspert qeyd edib ki, ofisiantın tez-tez yer dəyişməsi, uzunmüddətli və ya daimi işləməməsi restoranlar qarşısında və nağdsız ödəmələr məsələsində əsas problemdir: “Bu problemin həlli üçün restoranlar çox zaman VÖEN alaraq qeydiyyatdan keçən ofisiantlara üstünlük verirlər. Nəticədə restoran özünü əmək münasibətləri zamanı yaranacaq risklərdən qorumuş olur. Yəni hazırda təcrübə olunan yanaşma budur. Çünki VÖEN alan, sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən ofisiantların bank hesabı və kartı olur. Həmin karta daxil olan pul onun dövriyyəsi kimi nəzərdən keçirilir. Ofisiant da sabit vergi ödəyicisi kimi dövriyyədən asılı olmayaraq hər ay stabil məbləğ ödəmiş olur. Bu proses zamanı ofisiantların itkisi olmur. Sadəcə nağdlaşdırma zamanı bank komissiyası tutula bilər”.

Bir sıra restoranların hesab ödənişinə xidmət haqqını əlavə etməsinin də bəxşişlərin nağdsız ödənməsində yaranan əsas problemlərdən olduğunu deyən O. Məmmədzadə qeyd edib ki, bu məbləğ ya ofisiantlar arasında bölüşdürülür, yaxud da restoranda başqa xidmətlərə sərf olunur: “Belə olan halda müştəri xidmət haqqı tutulduğu üçün ofisianta əlavə bəxşiş vermək istəmir. Layihənin baş tutmamasında bu amil böyük rol oynayır. Ancaq nağdsız bəxşiş layihəsi üzərində çalışmaq olar. Bu, müştəri məmnuniyyətinin təmini, xidmət səviyyəsinin daha yaxşı göstərilməsi üçün də stimuldur”.

Restoranlarda hesab ödənilən zaman xidmət haqqının da çekə əlavə olunması nağdsız bəxşişlərin tətbiqinə problem yaratmaqla yanaşı, müştərilər tərəfindən də birmənalı qarşılanmır. Bəzi hallarda müştərilər çekə xidmət haqqının əlavə olunmasına etiraz edir.

Mövzu ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətindən bildirilib ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir: “İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla təqdim edilməlidir. İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir”.

Diqqətə çatdırılıb ki, restoranlarda göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona xidmətlərin siyahısını və icra şərtlərini, xidmətlərin qiymətlərini və ödəniş şərtlərini, təklif olunan iaşə məhsullarının firma adı və tərkibini, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətlərini təqdim etməlidir.

“İctimai iaşə obyektində menyu qanunvericiliyin tələblərinə uyğun olaraq dolğun tərtib olunmazsa, həmçinin obyektdə ümumiyyətlə menyu olmazsa, bu İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulması halı kimi sahibkarın 800 manatdan 1 000 manata qədər cərimələnməsinə səbəb ola bilər.

Eyni zamanda qeyd edək ki, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir”, – deyə qurumdan əlavə olunub.

Məlumat üçün bildirilib ki, 2023-cü ildə ictimai iaşə obyektlərində istehlakçılara təqdim edilən menyuların düzgün tərtib edilməməsi və ümumiyyətlə menyuların olmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 27 vətəndaş müraciətinin araşdırılması zamanı təqdim edilən sübutlar əsasında 7 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Eyni zamanda ictimai iaşə (kafe və restoran) sektorunda istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bu sahədə mövcud qanunvericiliyin tələbləri əks olunmuş bildiriş və menyunun nümunəvi forması hazırlanaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən 20 mindən çox ictimai iaşə xidməti ilə məşğul olan sahibkarlıq subyektlərinin elektron kabinetlərinə maarifləndirici bildirişlər yerləşdirilib, həmçinin 5 mindən çox obyektinə isə Dövlət Xidmətinin əməkdaşları tərəfindən fiziki paylanılması təmin olunub.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə restoranlarda istehlakçı hüquqlarının pozulması faktlarının çox olduğunu diqqətə çatdırıb: “Restoranlarda xidmət haqqının tutulması son 5 ildə geniş yayılıb. İstehlakçıların narazı olduğu məqamlardan biri kassa çekində xidmət haqqının böyük faizlə göstərilməsidir. Xidmət haqqı ilə bağlı məsələ dövlətin qanunlarında öz əksini tapmayıb. Restoranlar bunu tam müstəqil şəkildə tətbiq edirlər. Burada tək tələb kassa çekində xidmət haqqının göstərilməsidir”.

Xidmət haqqının çekdə göstərilməsi məsələsinin bir çox ölkədə tətbiq olunduğunu deyən E. Hüseynov qeyd edib ki, hər yerdə istehlakçı yüksək xidmət göstərdikdə ofisianta müəyyən məbləğdə “çay pulu” verir: “Restoranlar daha çox xidmət səviyyəsini artırsa, istehlakçılara restoranın qaydaları barədə əvvəlcədən məlumat versə daha yaxşı olar. Lakin bütün hallarda xidmət haqqının tənzimlənməsi ilə bağlı qərar və hüquqi akt olmalıdır”.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər