İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə İKTA-dan bildirilib.
Görüşdə İKTA İdarə heyətinin sədri Nail Mərdanov qeyd edib ki, tənzimləyici qurum “Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb. Aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.
İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən “Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.
Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas “Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.
O əlavə edib ki, “Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:
“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək”.