Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib.
Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.6%
artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8%
təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.
2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 mln. manatı POS-terminallar, 3.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil edib.