İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Dövlət Turizm Agentliyi, “Milli Otel Assosiasiyası” İctimai Birliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.
Məlumata görə, görüşdə çıxış edən Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasətinin prioritet istiqamətlərindəndir. Vergi ödəyiciləri ilə keçirilən görüşlərin müxtəlif fəaliyyət sahələrində mövcud vəziyyətin dəyərləndirilməsi, sektoral məsələlərin dinlənilməsi, təşviqlərin istiqamətlərinin müəyyənləşdirilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması baxımından faydalıdır. Hazırda hər bir sahənin fəaliyyət prioritetləri davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənib. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Fəaliyyət sahələri arasında pandemiyadan ən çox təsirlənən sahə turizm olub. Lakin pandemiyanın təsirlərinin azaldılması üçün həyata keçirilən tədbirlər bu sahəni yenidən canlandırıb. Son zamanlar dövriyyələrlə bağlı əldə edilmiş nəticələr də bunu deməyə əsas verir.
N.İmanov “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və ədalatli rəqabət mühitinin formalaşdırılması üçün görülən işlərin təkcə nəzarətin gücləndirilməsi ilə deyil, eyni zamanda daha çox təşviqlər, güzəştlərin tətbiqi və stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində aparıldığını vurğulayıb. Baş idarə rəisi turizm sektorunun ölkə iqtisadiyyatının prioritet sahələrindən hesab olunduğunu, bu baxımdan təkcə pandemiya ilə əlaqədar deyil, ümumilikdə ortamüddətli dövr üzrə turizmin inkişafına zəmin yaradan dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov görüşün keçirilməsi üçün təşəbbüsə və təkliflər ətrafında aparılan geniş müzakirələrə görə Dövlət Vergi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə koronavirus pandemiyasının turizm sektoruna təsirləri və bu sahədə yaranan problemlər diqqətə çatdırılıb, təsirlərin aradan qaldırılması ilə bağlı bir sıra təkliflər müzakirə olunub.
Sonda bu sahənin inkişafı üçün Dövlət Vergi Xidməti, Dövlət Turizm Agentliyi, ictimai təşkilatlar və otel sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb, işçi qrupun yaradılması barədə ümumi razılıq əldə olunub.