Murad Quliyev Quliyev 15 oktyabr 2025-ci il tarixindən etibarən “GL Group”un Qazma və Quyular üzrə Qrup Direktoru vəzifəsinə təyin edilir.
Bu barədə məlumat şirkətdən Banker.az-a daxil olub.
O, bu vəzifədə “GL Group”un Texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Byulerə məruzə edəcək.
M.Quliyev Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada və Yaxın Şərqdə 22 ildən çox beynəlxalq təcrübəyə malik qazma və quyu əməliyyatları üzrə mütəxəssisdir. O, BP, ENI və “Saudi Aramco” kimi dünyanın nüfuzlu enerji şirkətlərində texniki və əməliyyat vəzifələrində çalışıb. Onun təcrübəsi ACG, Şah Dəniz, “Thunder Horse”, “Atlantis, Ghawar” və “Shaybah” kimi layihələri əhatə edir.
M.Quliyevin ixtisası quyuların konsepsiyadan mühəndislik və icrasına qədər tam həyat dövrünü, onların performansı və optimizasiyasını əhatə edir. O, təhlükəsizlik, səmərəlilik və əməliyyat mükəmməlliyi prinsiplərinə böyük diqqət yetirir və Qazma & Quyular funksiyasını növbəti inkişaf mərhələsinə aparacaq gücdədir.
“Bu təyinat, qeyd olunan vəzifənin milliləşdirilməsi istiqamətində atdığımız mühüm addım çərçivəsindədir. M.Quliyev bu vəzifəni son illər ərzində “GL Group”un qazma və quyularının inkişafı planlarını dəstəkləmək sahəsində böyük işlər görmüş Deyvid Triolodan təhvil alır”- deyə, bildirilib.
Deyvid Triolo “GL Group”da fəaliyyətini qrupun xaricdəki qazma və quyular proqramlarını dəstəkləmək istiqamətində davam etdirəcək.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.