Azərbaycan hökuməti özəlləşdiriləcək dövlət müəssisələri,əmlak və torpaq vergiləri üzrə borcların silinməsini planlaşdırır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev 5 mart 2019-cu il tarixində “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunu təsdiq edib.
“Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 mln. manatdan artıq vəsait edir”, – ƏMDK-nın məlumatında deyilir.
Qanuna əsasən, əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:
– dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30%-i ödənildikdə – ödənilməmiş borcların 70%-i silinir,
– dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50%-i ödənildikdə – ödənilməmiş borcların 50%-i silinir,
– dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70%-i ödənildikdə – ödənilməmiş borcların 30%-i silinir.