13 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda pərakəndə nağdsız ödənişlərin təhlili

Müəllif: Rüstəmov Emil , Azərbaycan Respublikası Mərkəzi Bankı, Aparıcı mütəxəssisi. 

Hər hansı bir mal, iş və ya xidmətlərin dəyərinin kağız əskinaslarla ödənilməsi artıq uzun zamandır yeganə üsul deyildir… 

Alternativ üsulun təməli təxminən keçən əsrin ortalarında adi bir restoranda nahar zamanı qoyulmuşdur. 1949-cu ildə iri supermarketlər şəbəkəsinin sahibi Alfred Bluminqdeyl, kiçik maliyyə şirkəti “Hamilton Credit Corporation”-in rəhbəri Frenk Maknamar və bu şirkətin hüquqşünası Ralf Şnayderin Manhettendə yerləşən bir restoranda nahar zamanı etdikləri müzakirəsi zamanı məhz ilk ödəniş kartı olaraq “Diners Club” kartı yaranmışdır.

Daha sonralar “Visa”, “MasterCard”, “American Express” (AMEX), Japan Credit Bureau” (JCB), “China Union Pay” (CUP) və ödəniş kartlarına əsaslanan digər ödəniş sistemləri yarandı. Hazırda, “Visa” beynəlxalq ödəniş sisteminin kartlarının sayı 2 milyardı ötməklə dünyada ən məşhur kart brendi və hazırda Azərbaycanın kart bazarının 73%-ni təşkil etməklə liderdir.

Azərbaycanda əhalinin təxminən yarısının (4,4 mln) istifadə etdiyi ödəniş kartları kimlər üçün pensiya müavinətlərinin və aylıq əmək haqqının əldə olunmasına, kimlər üçün isə sadəcə pul vəsaitinin nağdsız şəkildə bank hesabında saxlanılmasına xidmət edən bir alət kimi tanınır. Lakin ödəniş kartının əsas məqsədi onunla mal və xidmətlərin dəyərinin ödənilməsidir ki, bu da nağd pul ilə müqayisədə çox əlverişli vasitədir. Nağd pulun itməsi mümkünlüyü və ya xırda qəpikləri cibdə gəzdirmək kimi narahatçılıq amillərini nəzərə alsaq ödənişi nazik plastik kartlar ilə etmək daha maraqlı görünür.

Kiçik mağaza, supermarket və ya restoranlarda əlavə xidmət haqqı tutulmadan ödənişə təqdim edilməli olan kartlar təəssüf ki, ölkəmizdə çox vaxt yalnız nağd əməliyyatlar üçün istifadə olunur. Yəni hazırda ölkə üzrə kart istifadəçilərinin 97%-i sırf bankomatlardan pul vəsaitinin əldə olunması üçün istifadə edirlər. Əlbəttə bunun haqlı səbəbləri qismində kart istifadəçilərinin bu sahədə məlumatının az olmasını və kartların etibarlığına olan inamsızlığı nümunə çəkmək olar.

Ödəniş kartlarının üstün xüsusiyyətlərindən biri də internet vasitəsilə ödənişlərdir ki, kağız əskinaslar bu sahədə tamamilə köməksizdirlər. Fiziki məkandan asılı olmayaraq internet üzərindən istənilən ödənişi plastik kartlarla həyata keçirib, bank hesabından ani çıxarışlar (SMS, email və s.) vasitəsilə hesaba nəzarət etmək olar. Lakin, ödəniş kartı ilə təhlükəsiz şəkildə ödəniş etmək və ondan istifadə zamanı kart məlumatlarını dələduzlara təslim etməmək üçün bir az ehtiyatlı olmaq lazımdır.

Bu sahədə bir sıra əfsanələrə aydınlıq gətirmək, insanların elektron pullarına nağd pulu kimi ehtiyatla yanaşması məqsədilə bir neçə cür fırıldaqçılıq metodları və onlara qarşı ehtiyat tədbirləri barədə məlumat vermək istərdik:

“Skimming”: Kart fırıldaqçıları məlumatları adətən bankomatın rider hissəsinə “skimming” qurğusu quraşdırmaqla əldə edirlər. PIN kod isə çiyin üzərindən baxmaqla və ya bankomatın yaxınlığında quraşdırılmış kiçik kamera vasitəsilə müşahidə olunur. Daha sonra “skimmer” ilə əldə olunmuş məlumatlar vasitəsilə digər saxta kartlar yaradılıb nəzarət nisbətən az olan yerlərdə istifadə olunur.

“Phishing”: Yəqin elektron ünvanınıza gələn son dərəcə maraqlı və gülməli məktublarla tanışsınız. Spam adlandırdığımız bu cür məktublar adətən dələduzlar tərəfindən göndərilir ki, bir sıra sadəlövh insanlar aldanaraq öz şəxsi məlumatlarını və ya mümkünsə bank hesabı və ya kart məlumatlarını özləri təqdim etsinlər. Bu məlumatlar əsasında yaradılmış kartlar vasitəsilə internetdə və ya 3-cü dərəcəli ölkələrdə əməliyyatlar aparılır. Diqqətli olmaq lazımdır ki, bu sahədə artıq peşəkarlaşmış dələduzlar bir sıra ölkələrdə hətta ölkənin Mərkəzi Bankı adından müştərilərə zəng vuraraq şəxsi məlumatlarını əldə edirlər. Bu yolla etibarlı əllərdə olduğunu düşünən müştəri bank hesab nömrəsindən tutmuş anasının qızlıq soyadına kimi bütün məlumatları bildirir. Daha sonrasını təxmin etmək çətin deyil.

“Internet fraud”: İnternet vasitəsilə alış-veriş edən birisinizsə yəqin ki “3D Secure” adlı təhlükəsizlik standartı haqda eşitmisiniz. “VISA” və “MasterCard” ödəniş sistemlərinin yaratdığı “Verified by VISA” və “MC Secure Code” adlı (müvafiq olaraq) layihələr kart istifadəçilərinə bankomat əməliyyatlarında alışdığımız PIN kod kimi gizli bir kod əldə etmək və internet üzərindən alış veriş zamanı ən son mərhələ olaraq bu gizli kodu daxil etməklə təhlükəsizliyin bir üstün qatını təmin edir. Hazırda Azərbaycanda hazırda təxminən 6-7 bank “3D Secure” xidmətini öz kart müştərilərinə təqdim edir.

Hər bir halda, internet üzərindən alış veriş zamanı tanımadığınız veb saytlarda şəxsi məlumatları açıqlamamaq və ya xeyrinə ödəniş etdiyiniz şəxs və firmaların dürüstlüyünə kiçik şübhə varsa ödəniş etməmək məsləhət olunur. Bu biznes fəaliyyətləri bir sıra offşor cırtdan ölkələrdə qeydiyyatdan keçirilməklə kart istifadəçiləri və beynəlxalq ödəniş sistemləri qarşısında məsuliyyətdən qismən və ya tam azad ola bilərlər ki, bu da sizin ödənişlə bağlı hər hansı bir şikayət müraciətinizi nəticəsiz qoya bilər.

Lakin dünyada ən çox yayılmış fırıldaqçılıq metodu itirilmiş və ya oğurlanmış kartlarla (və ya məlumatları ilə) aparılan əməliyyatlardır ki, bu cür hadisələrə qarşı sığortalanmaq asan və zəruridir. Ödəniş kartınızı kimə gəldi verməyin ki, onun məlumatlarından istifadə etməklə heç kim sizin pulunuzu mənimsəməsin. Kartınızın PIN kodunu yaddaşınıza yazıb kağızı etibarlı bir yerdə saxlayın. Unutmayın ki, PIN kodla həyata keçirilmiş əməliyyatlarda müştəri özü məsuliyyətli sayılır və bu halda bank kompensasiya ödəməməkdə haqlıdır. Xüsusən, ödəniş kartının üzərinə PIN kodu yazıb yapışdırmağı ağlınıza belə gətirməyin.

Əlavə olaraq nəzərinizə çatdırım ki, kartların emissiyasında və istismarında beynəlxalq ödəniş sistemlərinin (VISA, MC, AMEX və s.) loqotiplərindən istifadə edən yerli banklar və prosessinq mərkəzləri (AzeriCard, MilliKart və s.) həmin ödəniş sistemləri və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qoyulan bir sıra fiziki və məntiqi təhlükəsizlik tələblərini yerinə yetirməli və həmçinin, “Payment Card Industry Security Standards Council”-in fiziki və informasiya təhlükəsizliyi sahəsində irəli sürdüyü bir sıra beynəlxalq standartlara cavab verməlidirlər.

Yəni təhlükə varsa ona qarşı tədbirlər də var. Bizə qalan isə sadəcə şəxsi maliyyə təhlükəsizliyimiz naminə bir az ehtiyatlı olmaq, bankda kart hesabı açdıqda müqaviləni diqqətlə oxumaq, tanımadığımız internet saytlarında alış-veriş etməmək və PIN kodun məxfiliyini qazandığımız əmək haqqının rəqəmi qədər qoruyub saxlamaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər