2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26.7
milyard manatlıq, o cümlədən 15.0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 11.7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.3 faiz, qeyri-ərzaq malları üzrə 3.7 faiz artıb.
2022-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51.4 faizi ərzaq məhsullarının, 4.8 faizi içkilər və tütün məmulatlarının, 12.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil benzini və dizel yanacağının, 4.9 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.