Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Pakistanın Cənubda Dayanıqlı İnkişaf üzrə Elm və Texnologiya Komissiyası (COMSATS) ilə əməkdaşlığı çərçivəsində yeni təlim proqramına start verilib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, Azərbaycanın qabaqcıl universitetlərində tələbələr arasında seçim prosesi baş tutub və onların qiymətləndirilərək proqrama cəlb olunmasını COMSATS həyata keçirib. Seçilmiş 60 tələbə “Süni intellekt” və “Proqram təminatı keyfiyyətinə nəzarət” üzrə ixtisaslaşmış təlim proqramında tam təqaüdlü iştirak haqqı qazanıb.
Tədris proqramı 10 həftəni əhatə edir. İlk 6 həftə hərtərəfli nəzəri biliklərin öyrədilməsinə, növbəti 4 həftə isə intensiv layihə işi ilə tələbələrə öz bacarıqlarını real dünya ssenarilərində tətbiq etməsinə sərf olunacaq.
Dərslər Bakı Ali Neft Məktəbinin və ADA Universitetinin əsas korpuslarında keçirilir.
Texniki təlimdən əlavə, proqrama karyera inkişafı, xüsusilə beynəlxalq bazarda iş imkanları haqqında sessiyalar daxildir. Proqramı uğurla bitirən tələbələr COMSATS tərəfindən beynəlxalq sertifikat əldə edəcəklər.
Təlimlər 29 dekabr tarixinə kimi davam edəcək.
Tam təqaüd və hərtərəfli təlim verməklə proqram istedadlı tələbələrə effektiv tədris imkanlarını daha əlçatan edir. Nəzəri və praktiki biliklərlə yanaşı, uğurlu karyera qurmağı təşviq edən proqramın əsas hədəflərindən biri də yüksək ixtisaslı İKT mütəxəssisləri yetişdirmək və müvafiq sahədə yaranan kadr boşluğunu aradan qaldırmaqdır.
Qeyd edək ki, bu ilin iyul ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.