Azərbaycan keçən il xaricdən 64.56 min ton həcmində xam palma yağı idxal edib və paralel olaraq bir çox qida yağlarının həcmi yüksəlməkdə davam edir. Xam palma yağının ilik müqayisədə artım dinamikası öncəki illərlə müqayisədə daha çoxdur.
Banker.az xəbər verir ki, bu, 2023-cü il ilə müqayisədə 42 faiz artımdır.
Azərbaycan palma yağını iki ölkədən – Malayziya və İndoneziyadan alır. Keçən il idxal edilmiş palma yağının bir tonu 1269 dollara yüksəlməklə keçən il qeydə alınan 1149 dollardan 10 faiz çox olub.
Xaricdən idxal edilmiş xam palma yağına görə ölkə 81.93 milyon dollar valyuta xərcləyib.
Palma yağının 40.67 min tonu İndoneziya, 23.9 min tonu isə Malayziyadan idxal edilib.
Xam palma yağı emal olunmamış, kimyəvi modifikasiyaya məruz qalmamış bitki yağları kateqoriyasına daxildir. Bu bitki yağı əsasən qida sənayesi və sənaye məqsədləri üçün istifadə olunur. Dünya üzrə ən böyük istehsalçı ölkələr İndoneziya və Malayziyadır.
Palma yağı digər yağlarla müqayisədə daha az xərcli olması baxımından istər Azərbaycan, istərsə də digər ölkələr üçün cəlbedici məhsuldur.
Keçən il bitki yağları idxalında digər ən yuxarı artım günabaxan yağında olub. Xam günəbaxan yağının idxal həcmi illik 27 faiz artımla 43.74 min ton və ya $38.74 milyon təşkil edib. Ölkədə duru yağ kimi ən çox istifadə edilən qarğıdalı yağının idxal həcmi isə illik müqayisədə 18 faiz artımla 7.97 min tona ($9.89 mln.), hazır şəkildə isə illik 17 faiz artımla 11.05 min tona ($16.72 mln.) yüksəlib.