10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycanda pambıq sahəsi üzrə ilk aqrar sığorta ödənişi edilib – Foto

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib.

Banker.az xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, ölkənin ən böyük pambıq istehsalçılarından olan “MKT İstehsalat Kommersiya” MMC-nin müxtəlif rayonlardakı pambıq əkini sahələri Aqrar Sığorta Fondu tərəfindən sığorta edilib.

Bitki xəstəlikləri nəticəsində şirkətin Yevlax rayonu Aran qəsəbəsində yerləşən, sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunuqn Əhmədbəyli kəndinda yerləşən ümumi sahəsi sahəsi 41 hektar olan pambıq sahəsinə zərər dəymişdir.

Aqrar Sığorta Fondu və “MKT İstehsalat Kommersiya” MMC arasında imzalanmış müvafiq müqaviləyə uyğun olaraq, baş vermiş sığorta hadisəsi üzrə “MKT İstehsalat Kommersiya” MMC-yə 17 834 AZN və 7 116 AZN olmaqla ümumilikdə 24 950 AZN ödəniş edilib.

Bu – Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir. Sığorta ödənişi ilə bağlı olaraq 21 yanvar 2022-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak edib.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda 2020-ci ilin sonundan fəaliyyətə başlayan dövlət dəstəkli aqrar sığorta çərçivəsində ümumilikdə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Sığortalanan pambıq sahələri isə 10,5 min hektardan artıqdır.

Aqrar sığorta əkin sahələri ilə bağlı dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə təminat verir.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.

«Nazirlər Kabinetinin müvafiq qərarları ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı 14-dən 41-ə qaldırılıb, nəticədə ölkədəki əkin sahələrinin 95%-ni sığortalamaq mümkündür. Bu gün həyata keçirilən sığorta ödənişi göstərir ki, aqrar sığorta kənd təsərrüfatı sahəsində biznesin dayanıqlığına dəstək verməyə başlayıb. Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi və dövlət təminatı nəticəsində aqrar sığorta fermerlər üçün sərfəli və etibarlı alətə çevrilib».

DSC 0106 DSC 0144 scaled DSC 0147 DSC 0100 DSC 0139 scaled DSC 0142 DSC 0127 DSC 0102 DSC 0104

 

 

Son xəbərlər
Digər xəbərlər