9.1 C
Baku
Wednesday, November 6, 2024

Azərbaycanda pilot model müəssisənin yaradılması nəzərdən keçirilir

Sənayeyönümlü kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin istifadə edə bilməsi üçün pilot model müəssisənin yaradılması nəzərdən keçiriləcək.

Bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Bu istiqamətdə model müəssisə ilə bağlı beynəlxalq təcrübə təhlil olunacaq, model müəssisə üçün seçiləcək sektor, müəssisənin böyüklüyü, yerləşəcəyi yer və işçi heyətinə aid məsələlər müəyyən ediləcək. Keçmiş Sovet İttifaqı dövründən qalmış qeyri-işlək zavodlar qiymətləndiriləcək və model müəssisə üçün ən uyğun olanlar seçiləcək (hər hansı münasib aktiv müəyyən edilmədikdə, yenisinin tikintisi nəzərdən keçiriləcək). Bu layihənin reallaşdırılması üçün işçi qrup yaradılacaq. Model müəssisənin maliyyələşdirilməsi metodu (özəl şirkətlərdən və ya dövlətdən) ilə bağlı qərar verildikdən sonra tender vasitəsilə müəssisənin qurulması və işə salınmasını həyata keçirəcək təchizatçı müəyyənləşdiriləcək. Bu müəssisə KOS subyektlərinin işçilərinin praktiki bacarıqlarının artırılması üçün platforma rolu oynayacaq.

Model müəssisənin yaradılması ilə bağlı məlumatlar seçilmiş pilot sektordakı şirkətlərə çatdırılacaq. Həmin şirkətlərin belə müəssisənin üstünlükləri və faydaları haqqında məlumatlandırılması məqsədilə seminarlar təşkil ediləcək və bu seminarlarda qabaqcıl təcrübələr müzakirə olunacaq.

Azərbaycanda KOS subyektlərinin ən yüksək sıxlığa malik olduğu sənaye zonasında model müəssisələrin yaradılması təmin ediləcək. İlk model müəssisə pilot layihə kimi potensial olaraq Bakı regionunda yerləşəcək. İlkin məqsəd bir il ərzində ən azı 100 kiçik və orta sahibkarlıq subyektinə xidmət edə biləcək müəssisənin yaradılmasından, KOS subyektlərinə təlimlər keçəcək beynəlxalq mütəxəssislər cəlb etməklə iştirakçı kimi seçilmiş həmin 100 şirkətin qənaətli istehsal bacarıqlarının təkmilləşdirilməsindən ibarət olacaq.

Müəssisənin qurulması ilkin planlaşdırmadan başlayaraq, birinci təlimin keçirilməsi üçün tələb olunan bütün zəruri avadanlıqların çatdırılması və quraşdırılması da daxil olmaqla reallaşdırılacaq. Burada əsas tərəflər sənaye assosiasiyalarından, özəl qurumlardan, universitetlərdən və digər maraqlı subyektlərdən ibarət olacaq. Maliyyə vəsaiti büdcədən, sponsorlardan, KOS subyektlərinin qəbulu üçün ödənilən xidmət haqlarından təmin ediləcək.

Model müəssisədən faydalanacaq KOS subyektləri ilə mütəmadi koordinasiya aparılacaq və onların rəyləri öyrəniləcək. Şirkətlərlə ildə iki dəfə görüşlər keçiriləcək və model müəssisənin faydalı olub-olmaması barədə onların fikirləri, eləcə də bu istiqamətdə təkmilləşdirmə ilə bağlı təklifləri öyrəniləcək. Maraqlı şirkətlərə model müəssisənin təcrübəsi əsasında qənaətli iş modellərinin tətbiqinin nəticələrinə dair rüblük hesabat təqdim etmələri üçün müraciət olunacaq və bu hesabat əsasında həmin nəticələr seçilmiş ölkələrin təcrübəsi ilə müqayisə edilərək model müəssisənin effektivliyi qiymətləndiriləcək.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər