11 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda poçt şöbələri vasitəsilə kreditləşmə mexanizmi hazırlanır

Dünya Bankı Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC-nin göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədilə “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsini davam etdirməyi təklif edib. Layihə çərçivəsində “Azərpoçt” tərəfindən kreditlərin verilməsi prosesinin təşkili nəzərdə tutulur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda ölkəmizdə poçt şöbələri vasitəsilə kreditləşmə mexanizmi hazırlanır və bu məqsədlə müvafiq təkliflər planı nəzərdən keçirilir.

Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan və Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə təsdiqlənən “İnkişaf krediti haqqında” Saziş çərçivəsində “Maliyyə xidmətlərinin inkişafı” layihəsi “Azərpoçt” MMC-nin poçt şəbəkəsində uğurla tətbiq edilib. Nəticədə “Azərpoçt” MMC-nin tabeli poçt filiallarında fiziki və hüquqi şəxslərə bank hesablarının açılması və aparılması xidmətinin göstərilməsinə başlanılıb. Ötən ilin nəticələrinə əsasən “Azərpoçt”un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 2 dəfə artaraq 1 milyon manatdan çox olub.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər