«Золотая Корона» pulköçürmə sistemi mart ayında Azərbaycan bankları ilə fəaliyyətini dayandırıb. Bu günlərdə pul köçürmə sistemi əməkdaşlığı yenidən bərpa etməklə bağlı banklarla danışıqlara başlayıb və artıq müvafiq razılaşmalar da əldə olunur.
«Золотая Корона»nın ölkə bankları ilə işbirliyini dayandırmasına səbəb bu quruma çoxlu sayda şikayətlərin daxil olmasıdır.
Belə ki, mart bayramlarında Rusiyadan pul göndərənlər artıb. Bu sahədə «Золотая Корона» lider olduğundan təbii ki, bu sistemdən Azərbaycan banklarına sifarişlərin sayı da yüksəlib. Ancaq banklar burada pulu alacaq şəxslərin tələblərini qarşılaya bilməyiblər. Belə ki, rub ilə göndərilən vəsaiti Azərbaycan bankları manat və ya dollara konvertasiya edərək, qaytara biliblər. Ancaq köçürməni rubl ilə almaq istəyən vətəndaşlara xidmət göstərə bilməyiblər, başqa sözlə, onların pulunu verməyiblər.
Bu xüsusən də müştəri bazası böyük olan banklara aiddir. Nəticədə «Золотая Корона»ya çoxsaylı şikayətlər daxil olub.
Sistem narazılıqların artması ilə əlaqədar Azərbaycan banklarını günahlandırıb və onlarla əməkdaşlığı dayandırdığı barədə məktub göndərib.
Bankların müştərilərə çatacaq vəsaiti ödəyə bilməmələrinin səbəbi ilk növbədə rubl qıtlığı ilə bağlı olub. Ölkənin əksər iri banklarında rubl ehtiyatı çox az olduğundan onlar tələbatı ödəyə bilməyiblər. Sonucda pulu ala bilməyən insanlar «Золотая Корона»ya şikayət ediblər./Fins.az