Azərbaycanda avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi alması proseduru asanlaşdırılır.
Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsində avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi almaq üçün Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (bölmələrindən) arayış alaraq sığorta şirkətlərinə təqdim etmək məcburiyyətini aradan qaldıran hallar əksini tapıb.
Sənədə əsasən hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi ilə bağlı sığortaçı, sığortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olmadıqda və hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə DİN-in səlahiyyətli orqanının (vəzifəli şəxsinin) arayış (hadisə ilə bağlı təsdiqedici sənəd) tələb olunmayacaq. Sığortaçı, sığortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olduqda və hadisə nəticəsində sağlamlığa zərər dəydikdə isə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs mümkün olan ən qısa müddət ərzində səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
APA