8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda qablaşdırma sənayesinin əsas problemləri açıqlanıb

Azərbaycan qablaşdırma sənayesi üçün xaricdən gətirilən xammalın gömrük rüsumlarının yüksək olması, eləcə də malların hər dəfə 1-10 gün gömrük ərazisində qalması bu sahənin inkişafına mane olur.

Bunu açıqlamasında “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Kamran Hacızadə deyib.

Onun sözlərinə görə, bu problemləri ötən həftə iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdikləri görüşdə də qaldırıblar.

“Nazir qablaşdırma sənayesinin iqtisadiyyatın digər sektorları üçün vacib olduğunu nəzərə alaraq assosiasiyanın üzvləri ilə görüşdü, biz də problemlərimizi ona dedik, xammal üçün gömrük rüsumlarının aşağı salınmasına kömək göstərməyi xahiş etdik. Bu gün Azərbaycan kağız və seloloz istehsalçısı deyil, bu məhsullar Avropadan, MDB ölkələrindən idxal olunur. Qablaşdırmanın maya dəyərinin azalması üçün gömrük rüsumunun azaldılması vacibdir. Bununla bağlı, İqtisadiyyat Nazirliyinə və Nazirlər Kabinetinə təkliflərimizi vermişik. Həmçinin mallarımızın günlərlə gömrükdə saxlanılması bizim üçün əlavə xərclər yaradır, məhsullarımızın maya dəyərini artırır”, – deyə K.Hacızadə qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, görüşdə qablaşdırma sənayesi ilə bağlı sərgilərin keçirilməməsi məsələsi də qaldırılıb: “Hər il Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı sərgilər keçirilir. Təəssüf qablaşdırma sənayesi üzvləri üçün belə bir imkan yaradılmır. Görüşdə nazirlik rəsmiləri dedilər ki, sərgilərin keçirilməsinə dəstək verməyə hazırdır”.

K.Hacızadə Rusiya-Ukrayna müharibəsi fonunda xammal idxalındakı vəziyyət barədə də danışıb: “Bizim Rusiyadan xammal idxalımız çox deyil. Bu ölkə heç qablaşdırma sektorunda əsas xammal istehsalçısı da deyil. Xammalı əsasən Çin, Türkiyə və Avropadan alırıq. O cümlədən Polimer Türkiyədən, seloloz isə Çin və Avropadan gətirilir.

Məhsullarımızın əsas ixrac bazarı isə Gürcüstan və Orta Asiya ölkələridir. Aqrar sektoru təmsil edən şirkətlərə məhsul satırıq. Rusiya bu siyahıda da öndə deyil və müharibənin təsirlərini hələ ki, hiss etmirik. Qonşu ölkəyə aqrar məhsulların ixracı azalsa, bunun bizə də təsiri olar”.

Son xəbərlər
Digər xəbərlər