-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qarğıdalı və çuğundur əkinlərinin sığortası dövrü başlayıb

Aqrar Sığorta Fondu (ASF) təkrar qarğıdalı və çuğundur əkinlərini avqust ayının sonuna qədər sığortalamaq üçün fermerlərə müraciət edib.

ASF bu barədə məlumat yayıb.

Azərbaycanda iqlim şərtləri yüksək məhsuldarlığa imkan verən dənli bitkilərdən biri olan qarğıdalının həm dənlik, həm də yemlik-silosluq növləri ildə iki dəfə məhsul verir. Ümumilikdə, 28,6 min hektar ərazidə yerləşən dənlik qarğıdalı əkinlərinin 13,8 min hektarı, yəni 48 %-i, Şəki-Zaqatala bölgəsinin payına düşür.

2023-cü ildə ölkədə 189 min ton dənlik qarğıdalı yığılıb və təkrar əkində əldə edilən məhsul 104 min ton olub. Qarğıdalı əkinlərində orta məhsuldarlıq hər hektara 66 sentner təşkil edir.

Qarğıdalı yağ, un, konserv, şəkər, heyvan və quş yemi, hətta dərman vasitəsi kimi istifadə olunur. Lakin son illər müşahidə olunan intensiv yağışlar, sel-subasma və güclü küləklər kimi iqlim riskləri qarğıdalı əkinlərinə ciddi zərər vurur. Fermerlər qarğıdalı sahələrini ASF vasitəsilə sığortalaya bilərlər. Dövlət tərəfindən 50 % dəstək sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkinlərini sığortalaya bilərlər.

Məsələn, qarğıdalının ən çox əkildiyi Şəki-Zaqatala regionunda 1 000 manatlıq qarğıdalı məhsulunun sığortası 33,6 manat təşkil edir. Fermer bu məbləğin yarısını – təxminən 17 manatını ödəməklə öz məhsulunu çoxsaylı risklərdən sığortalaya bilir. Şirvan-Salyan regionunda bu məbləğ daha da aşağıdır – 1 000 manatlıq qarğıdalını sığortalamaq fermerə cəmi 7 manata başa gəlir.

“ASF tərəfindən ən böyük sığorta ödənişi də məhz qarğıdalı əkinlərinə dəyən zərərə görə olub. 2023-cü ildə Zaqatalanın Qazma kəndində qarğıdalı sahəsinə dolu vurduğu ziyana görə fermerə 88 min manat ödəniş edilib. 2024-cü ildə də Fonda müraciətlər arasında qarğıdalı sahələrinə dəyən zərərlər üstünlük təşkil edir”, – məlumatda deyilir.

Qeyd edək ki, avqust ayında sığortası davam edən digər məhsul şəkər çuğundurudur. Azərbaycanda şəkər istehsalında istifadə olunan yeganə bitki olan şəkər çuğunduru 4 534 hektar ərazidə əkilir. Çuğundur sahələrinin böyük hissəsi Qazax-Tovuz və Şirvan-Salyan bölgəsindədir. Rəsmi statistikaya görə, keçən il ölkədə 216 min ton şəkər çuğunduru yığılıb. Respublika üzrə orta məhsuldarlıq hər hektardan 482 sentner, bəzi rayonlarda isə 500-580 sentner təşkil edir.

Şəkər çuğunduru sahələrinin dörddə biri (1099 ha) və ümumi məhsulun 35 %-i (74 min ton) Tovuz rayonunun payına düşür. Hacıqabul, Şəmkir, Füzuli, Yevlax, Şamaxı, Biləsuvar və Ağstafa da şəkər çuğunduru istehsalında fərqlənir.

Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər öz məhsullarını qeyri-sabit hava şəraitindən və digər risklərdən qorumaq üçün avqust ayının sonuna qədər Aqrar Sığorta Fonduna müraciət edə bilərlər.

Məsələn, Qazax-Tovuz regionunda 1 000 manatlıq şəkər çuğundurunun sığortası 70 manatdır. Fermerlər bu məbləğin yarısını – 35 manatını ödəməklə məhsulu sığortalaya bilərlər. Hacıqabul rayonunda isə 1 000 manatlıq şəkər çuğundurunun sığorta haqqı 22,8 manatdır. Fermerlər 50 %-lik dövlət güzəştindən istifadə edərək bu məbləğin yarısını – təxminən 11 manatını ödəyir və qalan hissə dövlət tərəfindən qarşılanır.

Fermerlər Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi vebsaytında Sığorta Kalkulyatorları bölməsində sığortalamaq istədikləri məhsulu və rayonu seçərək, orta məhsuldarlığa əsasən ödəniləcək məbləği hesablaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər