“Hazırda Azərbaycanda Qazaxıstan kapitallı 150 şirkət fəaliyyət göstərir, bu şirkətlərin sayının daha da artacağına inanırıq”.
Bunu Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Zöhrab Qədirov deyib.
“Ümid edirik ki, həmin şirkətlər Azərbaycanda daha uğurlu fəaliyyət göstərərlər. Azərbaycanda xarici investisiya qoyuluşu üçün münbit şərait var. Ələt Azad İqtisadi Zonası xarici investisiyaların cəlb edilməsi üçun xüsusi imkanlar və fürsətlər təklif edir”, – deyə o bildirib.
Bundan başqa, AZPROMO rəsmisi qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqdadır: “Biz bu artımı xüsusilə qeyri-neft sektorunda görürük. AZPROMO Azərbaycanın qeyri-neft sektorunun inkişafı, ölkəyə xarici investisiyaların cəlb edilməsi istiqamətində sıx işləyir. Həmçinin, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi ilə bağlı danışmaq istəyirəm. Qazaxıstanın digər yerlərində də Ticarət Evlərinin açılması çox yaxşı olardı. Bunun nə qədər uğurlu ola biləcəyini nəzərdən keçirmək olar”.