-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qazın qiyməti bahalaşacaq?

Gürcüstanda kommersiya qurumlarına satılan qazın qiymətindəki dəyişiklik Azərbaycanda da eyni addımın atılıb-atılmayacağına dair müzakirələrə səbəb olub. 

Banker.az xəbər verir ki, Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” (SGG, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti) martın 1-dən pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifin 10,5 faiz artırılaraq 1 kub metrə görə ƏDV daxil 0,95 lariyə (cari məzənnə üzrə 0,36 dollar(təxminən 61 qəpik)) qaldırılacağını elan edib.

SGG-nin məlumatında bildirildiyinə görə, “qiymət dəyişikliyi milli valyutanın (larinin) ABŞ dollarına görə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə bağlıdır”.

Məlumatda o da deyilir ki, uzun illərdir bütün Gürcüstana təbii qazın nəqlini və paylanmasını həyata keçirən “SOCAR Georgia Gas Ltd” bu günə kimi regionda qazlaşdırılmanın və qaz infrastrukturunun inkişafına 300 milyon dollardan çox vəsait yatırıb və bunun nəticəsində yüz minlərlə ailə və kommersiya obyekti təbii qazdan istifadə imkanı əldə ediblər.

2018-ci ildə Azərbaycandan Gürcüstana 2,208 milyard kub metr qaz nəql olunub ki, bu da 2017-ci ildə olduğundan 22,8 faiz çoxdur. Gürcüstanın 2019-cu il üçün təbii qaz balansına görə, respublika Azərbaycandan 2 milyard 591,5 milyon kub metr qaz idxal etməyi planlaşdırır.

Qeyd edək ki, ötən ilin dekabrında Gürcüstanda əhaliyə satılan qazın qiyməti aşağı salınıb. Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının qərarına əsasən SOCAR abonentlərinə satılan təbii qazın 1 kub-metrinin qiyməti 0,011 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ildən etibarən SGG təbii qazın 1 kubmetrini əhaliyə 56,929 tetriyə (21,4 sent və ya 97 qəpiyə) satır.

Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının digər bir qərarı ilə Tiflis əhalisinə satılan təbii qazın qiyməti 0,014 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ildən etibarən paytaxt əhalisinə 1 kub metri təbii qaz 46,193 tetriyə (17,3 sent və ya 29,4 qəpiyə) satılır.

Gürcüstanda kommersiya qurumlarına satılan qazın qiymətindəki dəyişiklik Azərbaycanda da eyni addımın atılıb-atılmayacağına dair müzakirələrə səbəb olub.

Bununla bağlı Yeni Müsavat”ın suallarını cavablandıran SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, həm Gürcüstanda, həm də Azərbaycanda qazın qiymətini tam olaraq paylayıcı deyil, müvafiq dövlət qurumları müəyyənləşdirir: “Gürcüstanda əsasən əhalidən olan sosial istehlakçılar üçün təbii qazın tarifini müvafiq dövlət qurumu təyin edir, əsasən sənayeyə aid olan kommersiya istehlakçıları üçün satış qiymətini isə qazpaylayıcı şirkət təyin edir. Hazırda Gürcüstanda sosial istehlakçılar təbii qazın 1 kubmetrini 57 tetridən tarifi ilə alır. Bu, AZN ifadəsi ilə 37 qəpik civarındadır, Azərbaycanda isə bildiyiniz kimi, əhali üçün tarif limitdən əvvəl 10 qəpik, limitdən sonra 20 qəpikdir. Kommersiya istehlakçıları isə yeni tariflə qazın 1 kubmetrini 95 tetriyə alacaq (bu da AZN ilə təqribən 60 qəpiyə bərabərdir). Bunu da qeyd edim ki, Azərbaycan bazarının istehlak həcmi Gürcüstan bazarından 5 dəfə yüksəkdir və ötən il 11.2 milyard kubmetr təşkil etmişdir”.

İ.Əhmədov bildirir ki, SOCAR öz imkanları ilə hasil etdiyi qazın, demək olar, bütün həcmini (6,5 milyard kubmetr) Azərbaycanın daxili tələbatına yönləndirir: “Üstəlik, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlardan müxtəlif kommersiya şərtləri əsasında əlavə qaz həcmləri əldə olunur. SOCAR-ın sərəncamında olan təbii qaz həcminin əsas hissəsi – 89 faizi məhz Azərbaycan bazarına verilir, bununla da Azərbaycanın ötən ildə qaza olan tələbatı tam qarşılanmışdır. İzafi qalan 2 milyard kubmetrə yaxın qaz həcmi yeraltı qaz anbarlarında əlavə olar tədarük edilmiş və cəmi 1.4 milyard kubmetr birbaşa SOCAR tərəfindən ixrac edilmişdir”.

Qeyd edək ki, Azərbaycan Tarif Şurasının 2016-cı ildə qəbul etdiyi qərara əsasən əhali təbii qazın illik istehlak həcminin 1700 kubmetrədək (1700 m3 daxil) olan hissəsi üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik ödəyir. Qeyri-əhali qrupuna gəlincə, magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı (aylıq istehlakı 10 milyon m3 -dən az olmamaq şərti ilə) hər min kubmetr üçün 120 manata, digər qurumlara isə 200 manata həyata keçirilir.

İ.Əhmədovun sözlərinə görə, hazırda və növbəti illərdə Azərbaycanda təbii qaz qıtlığından söhbət gedə bilməz: “Əksinə, təbii qaz bolluğu olduğuna görə idxaldan imtina edilib. 2018-ci ildə SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Daxili tələbat tam ödənilib. Azərbaycandan ixrac olunan qaz əsasən beynəlxalq konsorsium (”Şahdəniz”-REP.) tərəfindən ixrac edilir. SOCAR daxili tələbat tam ödənildikdən sonra izafi qalan, cüzi həcmdə qazı ixraca yönləndirir ki, bu da, əsasən, üçüncü tərəflərdən (konsorsium, idxal) yay aylarında alınan qaz həcmləridir. Belə ki, qaz anbarlarının potensialından istifadə edərək yay aylarında qazı alıb saxlayıb, qış aylarında – qazın qiyməti qalxanda alınan qazı xaricə ixrac etmişik. Bununla da ölkəyə əlavə gəlir gətirilib. Ötən il 1,42 milyard kubmetr qaz ixrac edilib”.

SOCAR rəsmisi deyir ki, daxili bazarın qazla təminatında heç vaxt problem yaranmayıb: “Bu il xaricdən idxal olunaraq anbarlarda saxlanılan, sonra isə ixrac edilən qaz həcmlərindən imtina etdik. Artıq qaz anbarlarımız tam dolub. Bu qaz toplama mövsümündə anbarlara əvvəlki illərdən daha çox – 3,1 milyard kubmetrdən çox qaz tədarük edilib. Bundan əlavə, qaz hasilatı da davam edir. Qış aylarında tələbat artdığına görə hasil edilən qazla yanaşı, tədarük edilən qaz da istehlakçılara verilir. İxraca yönləndirilən izafi qalan həcmin bir hissəsidir”.

O, ayrı-ayrı yerlərdə qaz təminatı ilə bağlı hər hansı problem yarandığı halda, bunun qaz qıtlığı ilə deyil, boru sisteminin köhnəlməsindən yaranan sızmalara bağlı olduğunu bildirib. Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi bununla məşğul olur, yeni xətlər çəkilir, köhnə xətlər mütəmadi yenilənir.

Qeyd edək ki, ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11 faiz çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard kubmetr, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunub.

Bu ildən SOCAR Türkiyədə də qazpaylama işini həyata keçirməyə başlayır. Belə ki, şirkət Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən “EWE Turkey Holding”i və qrupa daxil olan şirkətləri satın alıb. Satınalma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

Son xəbərlər
Digər xəbərlər