Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təklifi ilə hər il noyabrın 30-u ölkədə “Qiymətləndiricilər Günü” kimi qeyd olunacaq.
Banker.az bu barədə Palataya istinadən xəbər verir.
Qurum həmin gün fəaliyyətə başlayıb və bu il ilk dəfə ad gününü qeyd edəcək. Noyabrın 30-da ölkənin qiymətləndiriciləri bir araya gələcək, onların adından bu tarixin rəsmi olaraq “Qiymətləndiricilər günü” peşə bayramı kimi qeyd edilməsi təşəbbüsü ilə Prezident İlham Əliyevə müraciət qəbul olunacaq. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələrinin nümayəndələri də qonaq qismində iştirak edəcək.
AQP 1 illik fəaliyyətinin yekunu münasibəti ilə müxtəlif tədbirlər keçirməyi, o cümlədən “Qiymətləndirmənin gələcəyi: milli təcrübədən beynəlxalq standartlara” və “Qiymətləndirmə fəaliyyəti iqtisadi təhlükəsizliyin əsas sütunlarından biri kimi” mövzusunda seminarlar təşkil etməyi, eyni zamanda illik ictimai hesabatla çıxış etməyi planlaşdırır. Palatanın fəaliyyətindən bəhs edəcək qısa audio-çarxda isə görülən işlərin qısa xülasəsi təqdim ediləcək.
Xatırladaq ki, ötən il noyabrın 30-da Dövlət İmtahan Mərkəzində keçirilmiş ilk peşə imtahanında uğur qazanmış 103 qiymətləndiricinin iştirakı ilə AQP-nin təsis konfransı keçirilib. Təsis yığıncağı, “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 30 dekabr 2023-cü il tarixli fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə, Baş Nazir Əli Əsədovun 29 fevral 2024-cü ildə imzaladığı sərəncam əsasında İqtisadiyyat və Maliyyə nazirliklərinin iştirakı ilə yaradılmış Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Bu, ölkəmizdə qiymətləndirmə peşəsinin hüquqi və institusional əsaslarının formalaşmasında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Elə bu səbəbdən də AQP-nin Rəyasət Heyətinin təşəbbüsü ilə 30 noyabr tarixinin hər il “Qiymətləndiricilər Günü” kimi qeyd olunması qərara alınıb.
AQP rəsmən isə bu il yanvarın 27-dən fəaliyyətə başlayıb, qısa zamanda mühüm nailiyyətlər əldə edib, tənzimləyici orqan olaraq bir sıra yeniliklərə imza atıb. Ölkə üzrə fəaliyyət göstərən 164 fərdi qiymətləndiricini, 102 qiymətləndirici təşkilatı reyestrə daxil edib.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun və Palatanın Nizamnaməsinin tələblərindən irəli gələn vəzifələr, habelə qiymətləndiricilərin peşə hazırlığı proqramlarının təşkili, normativ sənədlərin hazırlanması, etik kodeks, daxili keyfiyyətə nəzarət qaydaları və digər sənədlərin layihələndirilməsi həyata keçirilib. Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində qiymətləndiricilərin növbəti imtahanları üçün geniş test sual bankı formalaşdırılıb. Palata qiymətləndirmə bazarının subyektlərindən olan dövlət orqanları, banklar, kommersiya təşkilatları və bələdiyyələrlə sıx əməkdaşlıq edərək bazarda mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tənzimləyici və koordinasiyaedici tədbirlər görüb.
Bu addımlar nəticəsində qiymətləndirmə peşəsinin institusional inkişafı üçün praktik baza formalaşdırılıb və ölkədə qiymətləndirmə xidmətlərinin şəffaf, müstəqil və etibarlı şəkildə həyata keçirilməsi üçün vacib mexanizmlər qurulub.