Azərbaycanda ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu 2%-6% daxilində qalmaqda davam edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.