Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining plc” 2024-cü il ərzində ümumi istehsalı 16,760 qızıl ekvivalent unsiya (unsiya) təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin illik maliyyə rəqəmlərində qeyd edilir.
2023-cü illə müqayisədə qızıl istehsalı 47.3% azalıb. 2023-cü ildə 31 821 unsiya istehsal həyata keçirmişdi. Bununla yanaşı, istehsal əvvəlcədən verilmiş 15 000–19 500 unsiya proqnozuna tam uyğun olub.
Qızıl külçə satışları 2024-cü ilin 4-cü rübündə 6 031 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 149.7% artım deməkdir. 2023-cü ilin 4-cü rübü 2 416 unsiya qızıl satmışdı. Qızılın orta satış qiyməti isə 32.5% artaraq $2 655/unsiya (1 qram~ 93.6 dollar) olub. 2023-cü ilin 4-cü rübü $2,004/unsiya idi.
Mis konsentratı üzrə isə satış həcmi 46.3% azalaraq 1,173 tona enib (2023-cü ilin 4-cü rübü: 2,186 ton). Bununla belə, şirkət bildirir ki, satış dəyəri $1.5 milyon təşkil edib, bu isə əvvəlki ilin $2.3 milyon göstəricisindən geri qalsa da, artan metal qiymətləri gələcək gəlirlər üçün müsbət perspektiv yaradıb.
Şirkət 2024-cü ilin ikinci yarısında $1.1 milyon müsbət sərbəst pul axını əldə edib. Bununla yanaşı, qismən dayandırılan istehsalın maliyyə təsirlərini yumşaltmaq üçün diqqətli idarəetmə nəticəsində xalis borc ilin sonuna yalnız $4.6 milyon artaraq $14.8 milyon olub. IV rübün əvvəlində bu rəqəm $14.0 milyon idi.
“2024-cü ildə çətinliklərə baxmayaraq, istehsal səviyyələrini proqnoza uyğun bərpa etməyi bacardıq. Biz, həmçinin, maliyyə vəziyyətimizi möhkəm saxladıq və layihələrimizin inkişafında irəliləyişlər əldə etdik. Gilar və Demirli layihələrindəki uğurlu nəticələr bizə gələcək üçün müsbət perspektiv yaradır. 2025-ci ildə fəaliyyətimizi daha da gücləndirmək üçün səylərimizi davam etdirəcəyik.” -deyə, “Anglo Asian Mining”in baş icraçı direktoru Rza Vəziri bildirib.
2023-cü ildə “Anglo Asian Mining” şirkəti Gədəbəy müqavilə sahəsindəki flotasiya üsulu ilə filiz emalı qurğusunun fəaliyyətini və filiz hasilatını müvəqqəti olaraq dayandırıb. Bu qərar, ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası sahəsindəki mümkün çatışmazlıqların aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti ilə razılaşma əsasında qəbul edilib.
Şirkət, müstəqil beynəlxalq konsaltinq şirkəti “Micon”un apardığı tam ekoloji inspeksiya nəticələrini gözləyərək, ətraf mühitə təsirləri minimuma endirmək üçün lazımi tədbirləri həyata keçirməyi planlaşdırıb. Bu tədbirlər çərçivəsində, “Azecolab” laboratoriyası ilə birlikdə ətraf mühit nümunələrinin təhlili də aparılıb.
Fəaliyyətin dayandırılması, avqust ayında mis istehsalının təxminən 400 ton, qızıl istehsalının isə 300 unsiya azalmasına səbəb olub. Şirkət, flotasiya qurğusunun işinin 2024-cü ildən tez bərpa olunmayacağını ehtimal edirdi.
Bu hadisələr nəticəsində, “Anglo Asian Mining”in London birjasındakı səhmlərinin dəyərində əhəmiyyətli azalma müşahidə olunub. Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, səhmlərin dəyəri təxminən 80% azalıb.
Nəticədə, 2023-cü ildə şirkətin gəlirləri kəskin şəkildə azalıb. Belə ki, 2023-cü ildə şirkət $45.9 milyon gəlir əldə edib ki, bu da 2022-ci illə müqayisədə 46% azalma deməkdir.