6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda qızılın qiyməti sürətlə artdı

Dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların 50%-ə yaxın qalxması bir çox sahələr kimi qızıl bazarına da təsirsiz ötüşməyib. Qızıl-zinət əşyalarının qiyməti xeyli bahalaşıb. Belə deməyə isə qızıl mağazalarında apardığımız araşdırmamız əsas verir.
ANS PRESS-in məlumatına görə, Bakının ən böyük ticarət mərkəzlərindən birində qızılın qiyməti 50%-ə yaxın qalxıb. Apardığımız sorğu-sualdan aydın oldu ki, qızıla olan tələbat əvvəlki günlərə, yəni devalvasiyadan öncəyə nisbətən xeyli azalıb, bu da qiymətlərin bahalaşmasından irəli gəlir.

Satıcı, eyni zamanda zərgər Kənan Babayev deyir ki, bazarda alıcı qüvvəsi xeyli azalıb:

“Birinci devalvasiyadan sonra onsuz da qızıl alanın sayı azalmışdı, amma bu qədər də yox. Artıq neçə gündür, demək olar ki, qızıl alan yoxdur. Gündə bir dəst qızıl satanda sevinirik. Əslində camaatı da başa düşürük. Amma belə olmaz axı. Bizim alverimiz yoxdur, vergi ödəyirik, icarə haqqı veririk. Heç olmasa icarə haqqını, vergi pulunu azaltsınlar”.

Digər qızıl satıcıları da vəziyyətin heç də ürəkaçan olmadığını deyirlər. Hamı alıcıların sayının xeyli azaldığından, alverin olmamasından şikayət edir. Piştaxtalarda şüşə altında bərq vuran brilliantların qiymətində də xeyli artımın olduğunun şahidi oluruq.

Qızılın devalvasiyadan əvvəl və sonrakı qiymət fərqləri

Qızıl almaq istəyən Nazilə İsmayılova qızıl almaqda gecikdiyinə görə çox təəssüflənir.

“Ötən həftə gəlib baxmışdım qızıllara. Dedim, qoy gəlin də yanımda olsun. Bu gün də gəlinlə gəldim, qiymətlər iki dəfə qalxıb. Yəqin ki, qənaət etməli olacam. Hər şey almağa imkanın olmayacaq”, – deyə alıcı bildirib.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, devalvasiyadan sonra qızılın qiymətinin artması, əslində, gözlənilən idi:

“Qızıl ölkəmizə idxal olunan məhsuldur, yerli deyil, ona görə də qiymətinin iki dəfə artması məlum idi. Amma inanmıram ki, bu, uzun müddət davam edər, çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl sahəsində alıcılıq dəyəri azalacaq. İndi insan öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alır, yalnız kiminsə artıq pulu olarsa, o, qızıl alar, əks halda, bu dəqiqə kimsə qızıl hayında deyil”, – deyə Samir Əliyev bildirdi.

Əgər əvvəllər insanlar qızıla pul yatırmaqdan çəkinmirdilərsə, bu gün bunu etmək bir qədər çətindir. İndi hər kəs qızıldan daha çox digər – qida, geyim və başqa tələbatlarını ödəməyi düşünür. Xüsusən qida bazarında da qiymətlərin qalxması insanların vəziyyətini çətinləşdirir. Amma toy edənlər qızıl almaq məcburiyyətində qalır. Qızıl sata bilməyənlərin isə icarə haqqını verməklə bağlı problemləri yaranır. Odur ki, həm satıcı, həm də alıcının istəklərini nəzərə alaraq bu sahədə də müəyyən güzəştlərin tətbiqi arzuolunandır.

Son xəbərlər
Digər xəbərlər