13 C
Baku
Wednesday, November 20, 2024

Azərbaycanda rəqəmsal kredit tarixçəsi platforması istifadəyə verilib

“Azərbaycan Kredit Bürosu” MMC (Büro) yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platformasını (FINDOC) istifadəyə verib.

Banker.az xəbər verir ki, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.

Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və yaxud ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edir. Platformada qeydiyyatdan keçən şəxslər kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi və kredit hesabatının Büronun elektron poçtundan digər e-poçt ünvanına yönləndirilməsi xidmətlərindən yararlana bilərlər.

Kredit tarixçəsi və skor hesabatı istifadəçilərə ildə 2i dəfə ödənişsiz təqdim edilir. Limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və yaxud daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Ödənişlər platforma üzərindən – nağdsız aparılır. Platforma real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və ilkin olaraq “Beta” versiyada istifadəyə verilib. Xidmətə qoşulmaq üçün: https://findoc.az/

“Azərbaycan Kredit Bürosu” 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur. Hazırda Büroya qoşulmuş təşkilatların sayı 200-dən artıqdır.

Son xəbərlər
Digər xəbərlər