Azərbaycanda müəssisələrin rəqəmsal həllərə olan tələbatını ödəmək üçün vahid “Rəqəmsal həllər və xidmətlər platforması”nın yaradılması və bu platformada rəqəmsal həll təchizatçılarının qeydiyyatının stimullaşdırılması nəzərdə tutulub.
Bu məsələ “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası“nda öz əksini tapıb.
Sənədə əsasən, ölkədə müəssisələrin və fərdlərin qeydiyyatının stimullaşdırılması mexanizminə dair tədqiqat aparılacaq. Eyni zamanda yeni yaradılacaq platformada azı 20 təchizatçının qeydiyyatı olacaq. Platforma vasitəsilə rəqəmsal transformasiya etmiş müəssisələrin payı 20%-ə çatdırılacaq.
Böyük Britaniyanın “Digital Marketplace” modelinə əsaslanan bu sistem dövlət və biznes sektorları üçün rəqabətin və innovasiyanın artmasına, dövlət satınalmalarında xərclərin azaldılmasına və daha səmərəli rəqəmsal həllərin əldə edilməsinə şərait yaradacaqdır.







