Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox artaraq 2,6 milyard dollar təşkil edib, qeyri-neft ixracının 32 faizi bu ölkənin payına düşüb.
Oktyabrın 16-da Azərbaycan və Rusiyanın (RF) Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda mövcud potensialdan daha səmərəli istifadə yolları ətrafında fikir mübadiləsi aparılıb.
Hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və digər sahələrdə fəaliyyət göstərən 100-dək şirkətdən nümayəndələrin qatıldığı biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycan – Rusiya əlaqələrinin inkişafında RF-nin subyektləri ilə əməkdaşlığın önəmini vurğulayıb. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla işləyirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi son 10 ildə təqribən 1 milyard ABŞ dolları təşkil edib.
RF-nin Azərbaycandakı səfiri Vladimir Daroxin də hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətini diqqətə çatdıraraq azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əlaqələri daha da genişləndirməyə dəvət edib.