Dövlətin özəlləşdirilmiş şirkəti “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni baş icraçı direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu, Adam İgoşin Nikolayeviçdir.
O bu vəzifədə Victor Jarovu əvəz edib. V.Jarov 2022-2023-cü illərdə bu şirkətə yaxın olan “Azabrau” MMC-nin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrın 24-də “Şəki Şərab” MMC ilə bağlı müsabiqəyə yekun vurulub, Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın “Abrau-Durso” PSC arasında “Şəki Şərab” MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2.6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.
“Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətində olduğu açıqlanmışdı.