Ağstafada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılmış istintaq zamanı, Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin sabiq direktoru Mətanət Məmmədovanın işlədiyi müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Mətanət Məmmədovanın Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən təkrar istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.