10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi 1,6 dəfə artıb

“Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi töhfəsini verir”.

Bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.

 

Nazir əlavə edib ki, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir: “Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqropark istifadəyə veriləcək, digərlərində işlər davam edir. Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur. İstehsalçıların texnikaya, suvarma avadanlıqlarına tələbatının ödənilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına “Aqrolizinq” ASC-yə 160 milyon manat vəsait ayrılıb”, – deyə Ş.Mustafayev vurğulayıb.

 

Nazir qeyd edib ki, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur: “Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb. İri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi barədə verdiyiniz tapşırığa əsasən bu sahədə təşviq işləri aparılıb və şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Bu müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub”.

 

Nazirin sözlərinə görə, sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.

 

Ş.Mustafayev  deyib ki, dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadəsi, şəffaflıq və aşkarlıq əsasında rəqabət mühitinin yaradılması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə açıq satınalma tenderlərinin sayı 54 faiz, müsabiqə yolu ilə satınalmaların məbləği 23 faiz artıb, müsabiqə əsasında satınalmalar zamanı ehtimal olunan qiymətlərlə müqayisədə 117 milyon manat dövlət vəsaitinə qənaət edilib.

 

“Tapşırığınıza əsasən, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib. Ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, Çində “Şərab Evi”nin, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin ilin sonunadək açılması planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları 27 faiz, kənd təsərrüfatı məhsulları 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib. Hörmətli cənab Prezident, rəhbərliyinizlə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələrini verir”, – deyə nazir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər