10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sahibkarların maliyyə savadı varmı?

Bazar iqtisadiyyatı yolunu seçmiş hər bir ölkə kimi Azərbaycanda da sahibkarlığın inkişafı iş adamlarının maliyyə resurslarına çıxış imkanlarından çox asılıdır.

Bu imkanların artırılması, sahibkarların daha yaxşı şərtlərlə vəsait cəlb etməsi son illər həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bəs bu siyasət nə dərəcədə uğurludur? İş adamları əldə etdikləri maliyyə resurslarından səmərəli istifadə edə bilirmi? Onların maliyyə savadı varmı?

Onlardan biri Xalid Kərimli deyir ki, Azərbaycanda hələ ki, nə şəffaf sahibkarlıq institutu, nə də inkişaf etmiş maliyyə bazarı formalaşıb. Odur ki, iş adamlarının çoxunun normal şərtlərlə vəsait cəlb etmək imkanları məhduddur və əksər sahibkarlar əllərində olan kapitalla fəaliyyət göstərirlər.

“Azərbaycanda sahibkarların maliyyə institutlarından vəsait cəlb etməsi ənənəsi yeni formalaşır. Onlar əsasən şəxsi kapitalları ilə fəaliyyət göstərir. Səhmdar cəmiyyətlərinin formalaşması səviyyəsi aşağıdır. Azərbaycanda ənənəvi olaraq fərdi qaydada – fiziki şəxs kimi işləyən sahibkarlar və yeni formalaşan MMC-lər mövcuddur. Ən böyük problemlərdən biri maliyyə bazarının zəif inkişaf etməsi, kapital bazarının məhdud olmasıdır. Son nəticədə sahibkarlar ancaq banklardan kredit götürə bilirlər. Digər tərəfdən, sahibkarların özlərinin də fəaliyyəti təzə-təzə şəffaflaşır. Onlar tədricən beynəlxalq standartlara uyğun auditdən keçir, maliyyə hesabatları təqdim edirlər. Əgər şirkətin audit olunmuş maliyyə hesabatı yoxdursa, həmin sahibkar nəinki qiymətli kağızlar bazarından vəsait cəlb etməkdə, hətta bankdan kredit götürməkdə də problemlər üzləşir”, – deyə ekspert bildirir.

Onun sözlərinə görə, Azərbaycan sahibkarlarının korporativ idarəetmə alətlərindən istifadəsi də arzuolunan səviyyədə deyil: “Bu, onların maliyyə nəzarətini yaxşı başa düşməməsindən, savadsız olmalarından, başqalarına etibar etməmələrindən, etik prinsiplərlə fəaliyyət göstərən menecer heyətinin formalaşmamasından, şəxsi etibar əsasında ailə bizneslərinin ön planda olmasından irəli gəlir. Buna görə də maliyyə bazarlarına çıxış imkanları məhduddur. Hər bir şirkətin maliyyə resursları cəlb etməsi üçün onun keyfiyyətli maliyyə biliklərinə malik kadrları olmalıdır. Azərbaycanda bazarın balacalığı, primitiv formada fəaliyyət göstərməsi, şirkətlərin işini dayanıqlı qura bilməməsi çoxlu problemlər yaradır. Amma bəzi şirkətlərdə peşəkar maliyyəçilər də fəaliyyət göstərir ki, yerli bazarlardan, xarici bazarlardan, beynəlxalq banklardan, qurumlardan borc alırlar. Sahibkarların biznesin kapitalının strukturu, risklərin idarə edilməsi, resursların dayanıqlı cəlbi, hetçinq, pulun ivestisiya zamanı xalis cari dəyərinin hesablanması ilə əlaqədar bilgilərə ehtiyacı var. Onların investisiya qərarları, dividend qərarları, borclanma qərarlarını necə vermək barədə bilgiləri təkimilləşdirilməlidir. Şirkətlərdə peşəkar menecerlər işə qəbul edildikcə və sahibkarlar onların vasitəsilə şirkətin necə dəyər yaratdığını başa düşdükcə bu problemlər tədricən həll olunacaq”.

Maliyyə və audit xidmətləri üzrə ekspert Aqşin Əhmədov da deyir ki, Azərbaycanda sahibkarların maliyyə savadlılığı hələ formalaşma ərəfəsindədir və onların maarifləndirilməsinə ehtiyac var: “Ölkəmizdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunub. Bununla bağlı dövlət qurumları maarifləndirmə, təbliğat və təşviqat işləri həyata keçirir. İlkin nəticələr də var. Məsələn, bankların sahibkarlara təklif etdiyi məhsullar – zəmanət məktubu, akkreditiv, faktorinq, overdraft və biznes kreditləri barədə iş adamları müəyyən qədər məlumatlıdır və istifadə edirlər. Amma həmin məhsullardan istifadəni daha da genişləndirmək üçün maarifləndirməyə ehtiyac var. Məsələn, faktorinq xidməti – sahibkarların satdıqları malların və ya göstərdikləri xidmətlərin ödənişlərini daha sürətli şəkildə bankdan əldə edərək, həmin debitor borclar üzrə pul tələbi hüququnun müəyyən şərtlər əsasında banka güzəşt etməsidir. Bu xidmətin sahibkarlara ən böyük faydası odur ki, sürətli şəkildə dövriyyə vəsaitlərinin artımını təmin edir. Biznes kreditlərinə gəlincə isə bu məhsulda kifayət qədər rəqabət var və sahibkarlar ən uyğun şərtləri təklif edən bankı seçə bilərlər. Amma biznes krediti almaq üçün sahibkarın minimum 6 ay və yaxud 1 il fəaliyyəti olmalı, o, mənfəətlə işləməli, gecikmiş kreditləri olmamalı, biznes kreditini təyinatı üzrə istifadə etməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər