Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Banker.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Samux rayonu, Qarayeri qəsəbəsində fəaliyyət göstərən “Qara-Çanaq” alkoqollu içkilərin istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi, şüşə butulkaların fərqli miqdarda doldurulduğu və üzərindəki etiketlənmədə Azərbaycan dilində məlumatların olmadığı, eyni zamanda alkoqollu içkilərin istehsalı zamanı əsassız olaraq təbii bal, cökə çiçəyi və şüyüd meyvəsinin cövhərindən istifadə edilməsi ilə bağlı qeydlərin olmasına baxmayaraq istehsal ardıcıllığının və həmin proseslərin təşkili üçün şəraitin olmadığı məlum olub. Müəssisədə istehsal edilən “Moskovskiy Capital” nişanlı araqdan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib.
Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.