Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:
– sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
– avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
– ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
– avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
– avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
– bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.






