“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi və bilavasitə nəzarəti ilə addımlar atır.
Bu barədə Assosiasiyadan bildirilib.
Məlumata görə, bu istiqamətdə Türkiyə təcrübəsi əsas götürülüb: “Azərbaycanın sığorta sektorunun peşəkar iştirakçıları ilə Türkiyənin “Sigorta Bilgi ve Gözetim Merkezi”nin (SBM) nümayəndə heyəti arasında artıq bir neçə məhsuldar görüş keçirilib. Proses hazırda müzakirə və fikir mübadiləsi mərhələsindədir. Müvafiq məsələ üzrə müzakirənin başlıca predmeti bu istiqamətdə Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi imkanları ilə bağlıdır. Bu proses zaman və gərgin əmək tələb edən bir prosesdir. Çünki burada sığorta növləri üzrə aidiyyatı dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası, vahid məlumat bazasının dayanıqlı sistem texnologiyası üzərində formalaşdırılması, informasiyalara çıxış imkanlarının və şərtlərinin düzənlənməsi kimi vacib istiqamətlərdən söhbət gedir”.
ASA hesab edir ki, ölkəmizdə Sığorta Məlumat Mərkəzinin qurulması sektor üçün böyük üstünlüklər və yeni imkanlar qazandıracaq.
AMB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Türkiyədə fəaliyyət göstərən “Sigorta Bilgi Merkezi” ilə məsləhətləşmələr aparılır: “Bu sahədə qardaş Türkiyənin, eləcə də digər ölkələrin təcrübələri öyrənilir. Bu istiqamətdə müəyyən qərarlar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, bu il oktyabrın 17-də Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan “Report”a bildirib ki, Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.
“Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş ölkənin sığorta bazarı oxşardır”, – deyə o qeyd edib.