Azərbaycanda sığorta şirkətləri üçün ən zərərli və ən sərfəli sığorta növləri məlum olub.
Banker.az xəbər verir ki, 2022-ci ildə ölkənin sığorta bazarında 970.8 milyon manat sığorta haqqı toplanıb, 433.2 milyon manat sığorta ödənişi edilib – zərərlilik əmsalı 45% təşkil edib.
Amma bütün sığorta növlərində zərərlilik göstəricisi eyni deyil. Mərkəzi Bankın açıqladığı statistikaya görə, ötən il könüllü sığorta üzrə zərərlilik əmsalı 46%, icbari sığortada isə cəmi 39% olub.
Ən zərərli sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Hesabat dövründə ölkə üzrə 113.8 milyon manat avtomobil icbari sığorta haqqı toplanıb, 90.3 milyon manat ödəniş edilib. Zərərlilik əmsalı 79%-dir.
Növbəti isə həyatın yaşam sığortasıdır. Yanvar-dekabr aylarında bu sığorta növü üzrə 396.7 milyon manat sığorta haqqı toplandığı halda 242 milyon manat ödəniş edilib. Zərərlilik əmsalı 61% olub.
Tibbi sığortası üzrə 112.3 milyon manatlıq sığorta haqqı toplanıb, 70.2 milyon manatlıq sığorta ödənişi edilib. Nəticədə tibbi sığortada ödəniş-yığım nisbəti, yəni zərərlilik əmsalı 63%-dir.