16 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda sığorta şirkətlərinin 30%-nin “proseslərdən” xəbəri yoxdur – Sorğunun nəticələri

Azərbaycanda sığorta şirkətlərinin 60%-i ölkə maliyyə bazarlarında iqlim dəyişmələri və ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin idarəedilməsini orta və yüksək əhəmiyyətli hesab etdiyi halda, 30%-i bununla bağlı məlumatlı olmadığını bildirib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Dayanıqlı Maliyyə üzrə Sorğu”sunda bildirilir.

Sığorta şirkətlərinin 82%-i daxili sənədlərdə dayanıqlı maliyyə/ yaşıl maliyyə/ ESİ və əlaqəli anlayışları müəyyən etmədiklərini bildirmişdir.

Anlayışların iki sığorta şirkəti dayanıqlı inkişaf və ESİ transformasiyasına dair strategiya sənədində müəyyən edildiyi qeyd edilib. Sığorta şirkətləri sektordakı digər şirkətlər tərəfindən dayanıqlı maliyyə sahəsində görülən işlərdən əsas etibarilə məlumatlı olmadığını bildirib.

“Bu isə həm bank sektoru, həm də kapital bazarında olduğu kimi şəffaflığın artırılması istiqamətində hesabatlılğın və ictimaiyyətə açıqlanan məlumatların təkmilləşdirilməsinin zəruri olmasını göstərmişdir”- deyə, AMB-nin hesabatında deyilir.

Hesabatda deyilir ki, sığorta şirkətlərinin 60%-i iqlim dəyişmələri və ESİ risklərinin biznes strategiyasının realizasiyasına, biznes modelinə, maliyyə planlamasına, risk iştahası indikatorlarına təsir göstərməsilə bağlı təhlil aparılmadığını qeyd etmişdir.  Ümumilikdə, sığorta şirkətləri əmlak və aqrar sığorta üzrə yaranacaq maliyyə itkilərini başlıca risklər hesab edir. Sığorta şirkətləri dayanıqlı maliyyə ilə bağlı son beş il ərzində elektriklə işləyən nəqliyyat vasitələrinin sığortalanması və dayanıqlı inkişaf üzrə hesabatın hazırlanması üzrə işlərin görülməsini qeyd etmişdir

Təhlil nəticələri göstərib ki, sığorta şirkətlərinin təqribən 45%-i iqlim dəyişmələri və ESİ risklərinin təsirlərinin qısa, orta və uzun-müddətli dövrə əsasən orta olacağını gözləyir. Uzunmüddətli dövrə isə sığorta şirkətlərinin gözləntilərinin yüksək riskli olmasına doğru miqrasiyası görünür. Bu miqrasiyaya səbəb kimi sığorta şirkətləri tərəfindən quraqlıq, meşə yanğınları, katastrofik hadisələr və ətraf mühitin çirklənməsi ilə insan sağlamlığına mənfi təsiri nəticəsində sığorta hadisələrinin və zərərliliyin artacağı qeyd edilmişdir. Bir sıra sığorta şirkətləri isə ESİ risklərinə dair statistik məlumat olmadığından qiymətləndirmə aparılmasının mümkün olmadığını qeyd etmişdir.

İqlim dəyişmələri və ESİ risklərinin sığorta şirkətlərinə təsiri üzrə sığorta şirkətlərinin 88% risk qiymətləndirməsi aparılmadığını bildirmişdir. Risk qiymətləndirməsi aparan iki sığorta şirkəti bu qiymətləndirməni spesifik ESİ-yə aid olmadığını və PEST təhlil və risklərin idarəedilməsi çərçivəsində nəzərə alınmaqla aparıldığını bildirmişdir.

Sığorta şirkətləri əsas etibarilə kifayət qədər məlumatlılığın və bununla yanaşı kadr potensialı, tənzimləmə və nəzarət çərçivəsinin mövcud olmamasını dayanıqlı maliyyənin implementasiyası üzrə başlıca maneələr kimi göstərib. Dayanıqlı maliyyə fəaliyyət növlərinin gəlirli olmamasını hesab edən sığorta şirkəti olmayıb. Digər maneələr kimi ESİ prinsiplərinin təşviq olunmaması qeyd edilib.

Sığorta şirkətlərinin sosial göstəriciləri üzrə ümumi işçi, müxtəlif idarəetmə səviyyələrində xanım əməkdaşların və fiziki qüsurlu əməkdaşların sayı, yaş qrupları üzrə əməkdaşların paylanması, işçi dövriyyəsi, təlim təhsil büdcəsi, analıq məzuniyyəti götürmüş əməkdaşların sayı, iş yeri təhlükəsizliyinin və əməkdaşların sağlamlığının qorunması üzrə məlumatlar təqdim edilmişdir. Xanım əməkdaşların payı ortalama 40%, yuxarı və orta idarəetmə səviyyələrində isə ortalama olaraq 23% təşkil etmişdir. Digər sosial göstəricilər üzrə növbəti sorğular həyata keçirildikcə və məlumat bazası formalaşdıqca müqayisəli təhlil aparılaraq təqdim ediləcəkdir.

İdarəetmə göstəriciləri üzrə mükafatlandırma, anti-korrupsiya siyasətləri, habelə davranış məcəlləsi kimi sənədlərin mövcudluğu və yenilənməsi, iqlim dəyişmələri və ESİ risklərinin sığorta şirkətinin fəaliyyətinə təsirinin Müşahidə Şurası və İdarə Heyəti iclaslarında müzakirə olunması və ESİ prinsiplərinin sığorta şirkətinin fəaliyyətində nəzərə alınması ilə bağlı məsul struktur bölmə yaxud əməkdaşların müəyyən edilməsi üzrə məlumatlar toplanmışdır. Son 3 il ərzində investisiya şirkətlərində Müşahidə Şurası və İdarə Heyəti iclaslarında iqlim dəyişmələri və ESİ risklərinin təsiri üzrə sığorta şirkətlərinin 23%-də müzakirələr aparılmamışdır. İki sığorta şirkətində ESİ prinsiplərinin sığorta şirkətinin fəaliyyətində nəzərə alınması ilə bağlı məsul struktur bölmə/ əməkdaş olduğu bildirilmişdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər