6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sığortaçılarla bağlı şikayətlərə baxılması proseduru dəyişir

Azərbaycanda sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı şikayətlərin verilməsi və baxılması üçün vahid prosedur tətbiq ediləcək. Bu məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin iclasında müzakirə olunub.

Trend-in ASA-ya istinadən verdiyi məlumata görə, iclasda Assosiasiyasının sədri Orxan Bayramov, qurumun hüquqşünası Cavid Məhərrəmov, adıçəkilən komitənin sədri, “AXA MBASK” sığorta şirkətinin Hüquq və subroqasiya departamentinin müdiri Fuad Musa, eləcə də komitənin digər üzvləri – “PAŞA Sığorta”, “Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Meqa Sığorta”, “AtaSığorta”, “Bakı Sığorta” və “Buta Sığorta” şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə Maliyyə Nazirliyi tərəfindən qəbul olunan “Azərbaycan Respublikasında sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş məsələlər – sığorta bazarı üçün ümumi şikayət prosedurunun müəyyən edilməsi, sığorta agentlərinin və sığortaçıların davranış məcəlləsinin hazırlanması, dələduzluq hallarının qarşısının alınması üçün telematik qurğuların tətbiqi ilə bağlı müzakirələr aparılıb. Bütün bu məsələlər komitənin iş planlarına daxil edilib, onların həlli mexanizmləri hazırlanır.

Son vaxtlar Azərbaycanda sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı artıb. 2014-cü ildə Maliyyə Nazirliyinə 1170 şikayət daxil olub ki, bu da 2012-ci ilin göstəricisindən (783 şikayət) 58,5 faiz çoxdur.

Bununla yanaşı, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən, şikayətlərin yalnız 20 faizinin əsası olub.

Bununla əlaqədar sığorta şirkətləri ilə bağlı şikayətlərə baxacaq xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər