16 C
Baku
Wednesday, November 5, 2025

Azərbaycanda şirkət və təşkilatların cəmi aktivləri 340 mlrd. manata yüksəlib

2024-cü ilin sonunda Azərbaycanda müəssisə və təşkilatların ümumi aktivləri əvvəlki illə müqayisədə təxminən 3,4 faiz artaraq 328,7 milyard manatdan 340 milyard manata yüksəlib. Aktivlərin 248,9 milyard manatı uzunmüddətli, 91,1 mlrd. manatı isə qısamüddətli aktivlərdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aktivlərin artımı əsasən emal sənayesi, ticarət, tikinti və daşınmaz əmlak sektorlarında müşahidə olunub.

Cəmi aktivlərin 231,7 milyard manatı özəl, 108,3 milyard manatı dövlətə məxsus olanlardır.

Ən böyük pay yenə də mədənçıxarma sənayesinə məxsus olsa da, bu sahədə azalma qeydə alınıb – 2023-cü ildə 151,1 milyard manat olan aktivlər 2024-cü ildə 149,9 milyard manata, yəni təxminən 0,8 faiz geriləyib.

Əvəzində emal sənayesində aktivlər 6,7 faiz artaraq 37,6 milyard manatdan 40,1 milyard manata çatıb. Tikinti sektorunda da oxşar dinamika müşahidə olunub – aktivlər 6,3 faiz artaraq 29,9 milyard manatdan 31,8 milyard manata yüksəlib.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində ən nəzərəçarpan artımlardan biri baş verib: aktivlər 21 faizdən çox artaraq 16,8 milyard manatdan 20,3 milyard manata qalxıb.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlarda da əhəmiyyətli yüksəliş müşahidə edilib – bu sahənin aktivləri təxminən 38 faiz artaraq 9,8 milyard manatdan 13,6 milyard manata çatıb.

Bəzi sahələrdə isə azalma qeydə alınıb. Su təchizatı və tullantıların təmizlənməsi sahəsində aktivlər 3,3 faiz azalıb, peşə, elmi və texniki fəaliyyət sahəsində 5,2 faiz, maliyyə və sığorta sektorunda isə 15,2 faiz geriləmə olub.

Səhiyyə və sosial xidmətlər sahəsi diqqətəlayiq artım nümayiş etdirib – aktivlər 50 faizdən çox artaraq 768 milyon manatdan 1,16 milyard manata çatıb. İctimai iaşə və yaşayışın təşkili sahəsində də artım 13 faiz olub.

323

Son xəbərlər
Digər xəbərlər