12 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi açıqlanıb

Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır.

Bunu  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu qərarla baş soğanın ixracına qadağa qoyulacaq: “Son həftələrdə dünyada soğanın qiyməti kəskin artıb. Rusiya-Ukrayna münaqişəsi, dünyada soğan tədarükündə önəmli yer tutan Pakistanda təbii fəlakətlər, hazırda Avropa bazarının soğana olan tələbatını ödəyən Niderlandda ciddi quraqlığın müşahidə edilməsi dünyada soğana olan tələbatı artırıb, qiymətini isə kəskin bahalaşdırıb. Soğanın qiymətinin artması Gürcüstanda, Rusiyada da müşahidə edilir. Dünyada soğana tələbat artıqca, daxili bazarda ixrac arta və ehtiyatların azalmasına səbəb ola bilər və yerli bazarda soğanın qiyməti daha da arta bilərdi. Hazırda daxili bazarda soğanın qiymətinin mövcud qiymətdən ucuzlaşacağı gözlənilmir. Mövcud qərar soğanın qiymətinin bahalaşmasının qarşısını alır”.

F. Fikrətzadə əlavə edib ki, Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb: “Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər % dərəcəsi ilə əvəz edilib. Yəni, idxal rüsumu ölkə daxilində ehtiyatları artırmağa mane olmayacaq. Bu, mayın 1-ə qədər tətbiq ediləcək. Çünki aprelin sonunda yerli istehsal olan faraş soğanı bazara daxil olur. Bu qərarla demək olar ki, daxili bazar daha da stimullaşacaq”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun sözlərinə görə, 2023-cü ildə soğan istehsalında artım gözlənilir: “Fermerlərdən Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə əldə etdikləri məlumata görə, builki qiymətlər cəlbedici olduğuna görə fermerlər soğanın əkinini genişləndirəcək. Ümumiyyətlə, anbar ehtiyatları ilə bağlı sahibkarlar tərəfindən məlumatların təqdim edilməsi nəzərdə tutulur. Burda hər hansı bir məcburedici norma olmadığına görə, sahibkarlar məlumatları könüllülük əsasında verirlər. Soğan əkin sahələri ilə bağlı məlumatlar tam təmin edilməyib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində anbarlarla bağlı məlumatlar qeyd ediləcək. Bunun üçün proqram təminatı hazırlanıb”.

O vurğulayıb ki, faraş soğanın istehsalı daxili bazarın tələbatından çoxdur: “Bu, ixrac yönümlü məhsuldur. Ölkədə müxtəlif dövrlərdə faraş soğanı 5 min hektara qədər sahədə əkilib. Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir. İllərdən aslı olaraq 12 min ton faraş soğanı ixrac edilir, bəzən ehtiyac olanda 5-10 min ton soğan idxal edilir. Elə illər olub ki, heç soğan idxalına ehtiyac olmayıb”.

Son xəbərlər
Digər xəbərlər