6 C
Baku
Wednesday, February 25, 2026

Azərbaycanda son idxal inflyasiya göstəriciləri açıqlandı: yüksəlib

Azərbaycanda 2025-ci ildə qiymətlərə təsir edən amillərdən biri idxal inflyasiyası dekabrda yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, dekabrda illik idxal qiymətləri indeksi 32.1 faiz, aylıq isə 2.1 faiz olub. Halbuki, 2025-ci ilin noyabrında bu rəqəmlər müvafiq olaraq 31.3 faiz və 1.8 faiz idi.

Bununla belə, valyuta daxilolmasında mühüm göstərici olan ixrac qiymətləri üzrə illik müqayisədə dekabrda 2.8 faiz deflyasiya olub (yəni illik ucuzlaşma). Noyabrda isə illik deflyasiya 4.5 faiz idi.

Bu Azərbaycan Mərkəzi Bankının tez-tez dilə gətirdiyi göstəricidir. AMB-nin bildirdiyinə görə, hələ bu idxal inflyasiyanı manatın ABŞ dollarına qarşı 1.7 nisbətində sabit qalması neytrallaşdırır. Ölkədə idxal inflyasiyası illik inflyasiyanın mühüm komponentidir.

AMB-nin baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı il üçün inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənilirdi.

Mərkəzi Bankın 4 fevral iclasında idxal inflyasiyası ilə bağlı demək olar ki, öncəki iclaslarla müqayisədə dəyişməz gözlənti açıqlanıb. AMB bildirmişdi ki, bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.

Qeyd edək ki, 4 fevralda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.

Dövlət Statistika Komitəsinin yanvar ayı üzrə açıqladığı illik inflyasiya dekabrda 5.2 faizdən 5.7 faizə yüksəlib. Hazırda bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf çərçivəsinin yuxarı həddi olan 6%-ə yaxın olsa da, tənzimləyici bunu “nəzarət altında” olduğunu bildirir.

İstehsalçı qiymətləri indeksi (PPI) isə düşməkdə davam edir və ölkənin illik inflyasiyası ilə fərqli istiqamətdə hərəkət edir. Məsələn, DSK-nin məlumatına görə istehsalçılar üçün xərclər illik müqayisədə bu ilin yanvarında 11.6% ucuzlaşıb. Dekabrda isə illik müqayisədə PPI 9.6 faiz ucuzlaşmışdı.

3423432423432

Son xəbərlər
Digər xəbərlər