Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi çərçivəsində yerli texnoloji startaplar üçün əlverişli mühit gücləndiriləcək, texnoloji startapların inkişafı üçün yerli institusional struktur təkmilləşdiriləcək və bilik tərəfdaşlığı inkişaf etdiriləcək.
Bununla bağlı ötən ilin noyabr 24-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Asiya İnkişaf Bankının Azərbaycandakı Rezident Missiyası arasında “Texniki Yardıma dair Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumuna əsasən həyata keçiriləcək “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı” çərçivəsində yerli texnoloji startaplar üçün əlverişli mühitin gücləndirilməsi, texnoloji startapların inkişafı üçün yerli institusional strukturun təkmilləşdirilməsi və bilik tərəfdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.
Texniki yardımın 500 000 ABŞ dolları məbləğində təklif olunan büdcəsi Koreya Respublikasının “e-Asiya Bilik və Tərəfdaşlıq Fondu”nun qrantı əsasında formalaşdırılacaq və istifadəsi Asiya İnkişaf Bankı tərəfindən təmin olunacaqdır. Anlaşma Memorandumuna əsasən layihənin icra müddətinin 2020-ci ilin iyunundan 2022-ci ilin fevralına kimi olması planlaşdırılır.