Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun iştirakı ilə startap ideyalarının müəllif hüquqlarının təmin olunması müzakirə olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyalar sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib.
R. Quluzadə ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini qeyd edib. Nazir bildirib ki, bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.
“İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib. Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün münbit şərait yaradılıb. Hazırda ölkədə mövcud ekosistemin inkişafı üçün bir sıra işlər aparılır ki, biznesə çevriləcək ideyaların patentləşdirilməsi də bu prosesin vacib tərkib hissəsidir”, – deyə R.Quluzadə qeyd edib.
F.Qarri bildirib ki, bu gün dünyada startap ideyalarının patentləşdirilməsi öz aktuallığını saxlayır. Baş direktor yeni ideyaların müəllif hüququnun əldə edilməsinin layihə müəlliflərinə beynəlxalq bazarda əlavə dividentlər qazandırdığını qeyd edib. O bu sahədə fəaliyyət göstərən azərbaycanlı startapçılara ideyalarını patentləşdirmək, onu ticarət nişanına çevirmək üçün rəhbəri olduğu təşkilat tərəfindən dəstək göstərilə biləcəyini də qeyd edib.
K.İmanov isə startapçılara öz layihələrini qeydiyyatdan keçirməyi tövsiyə edib. Bu işdə zəruri texniki dəstəyə hazır olduqlarını bildirən K.İmanov bir neçə startap layihəsinin agentlik tərəfindən patentləşdirildiyini də diqqətə çatdırıb.