Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki təşkilatlar üçün Maliyyə və Əməliyyat Səmərəliliyinin Artırılması Proqramının (FOPIP) başladıldığını elan edib.
EBRD-in məlumatına əsasən, bu, Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən və “Aqwadem Consulting” şirkətinin dəstəyi ilə həyata keçirilən texniki yardım layihəsidir.
Təşəbbüsün koordinatoru, EBRD-nin infrastruktur sektoru və iqtisadi idarəetmə islahatları üzrə II səviyyəli baş məsləhətçisi Yelena Çirkoviç qeyd edib ki, proqramın məqsədi ölkənin su sektorunda idarəetmənin gücləndirilməsi, əməliyyat və maliyyə dayanıqlılığının artırılması, həmçinin satınalma sahəsi də daxil olmaqla ekoloji və iqtisadi cəhətdən səmərəli təcrübələrin tətbiqidir.
“Biz Azərbaycanın su sektorunun inkişafında yeni fəslin başlanmasını səbirsizliklə gözləyirik və bu önəmli yolda bütün maraqlı tərəflərlə sıx əməkdaşlığa ümid edirik”, – o vurğulayıb.
EBRD Gəncənin su ehtiyatlarının idarəetmə sistemlərinin modernləşdirilməsinin maliyyələşdirilməsi üçün 35 milyon avro ayırıb, bununla bağlı kredit sazişi 2025-ci ilin yanvarında imzalanıb. Layihə həmçinin Aİ-nin ayıdığı 5 milyon avroya yaxın qrant hesabına da maliyyələşdiriləcək.
Ayrılmış vəsait su kəməri, kanalizasiya kollektorları, su anbarları, yağış sularını idarəetmə sistemləri, həmçinin digər köməkçi infrastrukturun tikintisinə yönəldilib. Bu tədbirlər əhalinin bütün növ su xidmətlərinə çıxışını yaxşılaşdıracaq və eyni zamanda şəhərin iqlim dəyişikliyinin nəticələrinə qarşı dayanıqlılığını artıracaq.
Gəncə 2020-ci ildə EBRD-nin “Yaşıl şəhərlər” proqramına qoşulub. Su infrastrukturu üzrə cari layihə bankın bu şəhərdə üçüncü böyük investisiya layihəsi olub. 2022-ci ildə EBRD tullantıların idarəetmə sisteminin modernləşdirilməsi üçün maliyyələşdirməni təmin edib, daha sonra isə şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyib.
Cari ilin aprelin 30-na olan məlumata görə, EBRD-nin Azərbaycanda ümumi kredit portfeli 1,004 milyard avroya çatıb. Ümumilikdə bank ölkəyə 3,778 milyard avrodan çox investisiya qoyub və iqtisadiyyatın müxtəlif sektorlarında 197 layihə həyata keçirib. Bu məbləğdən faktiki ödənilmiş vəsait 3,089 milyard avro, ümumi kumulyativ ödənişlər və verilmiş zəmanətlərin həcmi isə 3,41 milyard avro təşkil edib.