12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda sürtkü yağlarının bahalaşması işlənmiş yağların bazara daxil olmasına səbəb olur

Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrdən idxal olunan yaxud onların ərazisində tranzit yolla keçən məhsulların qiymətlərində kəskin artım müşahidə olunur. Bahalaşan məhsullar sırasında sürtkü yağları da var.

Belə ki, payız aylarına nisbətən ölkə ərazisində satılan sürtkü yağlarının qiyməti 30 %-dək artıb.

Qeyd edək ki, Azərbaycan bu məhsulların həm ixracatçısı, həm də idxalçısıdır.

Bazar iştirakçıları bahalaşmanın bir neçə məsələ ilə bağlı olduğunu qeyd edir.

Ölkəyə Türkiyə, Rusiya və bir sıra Avropa ölkələrindən sürtkü yağların idxalı ilə məşğul olan Elşad Sabiroğlu bildirib ki, qiymət artımı əslində pandemiya dövründən başlayıb:

“Əslində qiymətlər 2020-ci ildən etibarən artıb. Bu bahalaşma 3 mərhələdən ibarət olub. Birinci bahalaşma koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olub. Əgər həmin dövrlə müqayisə etsək indi qiymət fərqi 100150 %-ə çatır. Amma son aylar əsas yağların qiyməti 2030 % arasında artıb. Təbii ki, son iki artım sırf Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Çünki ölkədə istifadə edilən əksər sürtkü yağların istehsalçıları baza yağını Rusiyadan idxal edirlər. Məhz embarqoya görə, istehsalçılar Şimal qonşumuzdan baza yağı ala bilmir. Bu səbəbdən də kəskin qiymət artımı məhz aşağı keyfiyyətli yağlarda hiss edilib.

Əslində ən keyfiyyətsiz baza yağı da Rusiyanındır. Amma keyfiyyətli baza yağı Körfəz neftindən alınır. Bu gün Avropa, Almaniya istehsalı olan yağların qiyməti 30 % ətrafında artdığı halda, Rusiya yağları 100 % civarında bahalaşıb. Biz özümüz əvvəllər Rusiyadan yağ idxalı ilə məşğul olurduq, amma qiymət artımı o həddə oldu ki, artıq həmin yağ idxalını dayandırdıq”.

Ekspert hesab edir ki, qiymət artımı istifadə edilmiş yağların təkrar bazara daxil olmağına və balansın pozulmasına səbəb olur:

“Pis baza yağından hazırlandığına görə yağlar ucuz idi, amma nə də olmasa istehsal edilə bilən baza yağından hazırlanmışdı. Yəni neftə bağlı baza yağından hazırlanıb. Neftin qiyməti qalxdığına görə, istifadə olunmuş yağlar bazarda ayaq açmağa başlayıb. Çünki qiymət artımı onlara demək olar ki, təsir etməyib. Ölkəmizə idxal olunan belə yağların da çoxu Türkiyədən gəlir. Amma bu ölkənin illərdi yağ istehsal edən brendlərində keyfiyyətlə bağlı problem yoxdur. Lakin qiymətdə təxminən 20 % civarında artım var”.

Ölkəyə Almaniya yağ brendlərinin idxalı ilə məşğul olan iş adamı Arif Məmmədov da qiymət artımının qeydə alındığını və bunun əsas səbəbinin Rusiya-Ukrayna müharibəsi olduğunu qeyd edib:

“Əsas yağ istehsalçıların çox hissəsi baza yağını Rusiyadan idxal edir. Müharibə də təbii ki, qiymət artımına təsir edir. Xammal, qablaşdırma, enerji və yükdaşıma xərclərinin artması artıq istehsala da təsir göstərir.

Təəssüf ki, əmtəə bazarında bahalaşma qiymətlərə əlavə düzəlişlər etməkdən başqa seçim qoymur. Bu gedişlə növbəti aylarda da 1015 %-lik bahalaşmanın şahidi olacayıq”.

Azərbaycanda adının çəkilməsini istəməyən bir sıra təchizatçılar isə qiymət artımına təsir edən amillərdən birinin də idxal və satış işləri ilə məşğul olan iş adamlarına vergi nəzarətinin güclənməsini göstərirlər. Onların sözlərinə görə, bu sahədə aparılan şəffaflaşma, POS-terminal və ƏDV öhdəlikləri üzrə tələblərin yerinə yetirilməsi qara bazarın aradan çıxmasına səbəb olub. “Qara” mühasibatlığın “ağarma”sı qiymətlərin də 15 %-dək artması ilə nəticələnib.

Qeyd edək ki, Avropa ölkələrində də bu il sürtkü yağlarının bahalaşması digər illərə nisbətən daha çox hiss edilib. Buna səbəblərdən biri kimi Reyn çayının suyunun kəskin azalması göstərilir. Çünki qitədaxili daşımalarda xüsusi payı olan çayın suyunun azalması iri və orta tutumlu yük gəmilərinin hərəkətinə mane olur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər