Xocəvənddə “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycanda nümayəndəliyinin sürücüləri şirkətə məxsus yük avtomobilini oğurlayıblar.
“Kolin” şirkəti Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində yolun çəkilişi ilə məşğuldur.
Əvvəlcədən əlbir olan bir qrup şəxs yolun çəkilişində istifadə edilən, qiyməti 100 min mantdan artıq olan “Howo” markalı yük maşınını ələ keçiriblər. Məlum olub ki, yük maşınını şirkətin Elnur adlı sürücüsü və onun İsmayıl adlı bacanağı oğurlayıb. Bu işdə onlara “Shachman” markalı yük maşını ilə müxtəlif rayonlardan Şuşa şəhərinə qum və digər tikinti materialları daşıyan “Azərenerji”də sürücü işləmiş Həci adlı şəxs də kömək edib.
2 aprel 2022-ci il tarixdə, saat 06.00 radələrində Həcinin vasitəsi ilə yük maşınının nömrəsini dəyişdirərək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometrliyindəki dayanacaqdan qaçırıblar.
Hadisəyə görə şirkətdə çalışan digər sürücülər də istintaqa çalğırılıb və şahid kimi ifadələri alınıb.
Oktyabrın 21-də Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində 1989-cu ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş Elnura Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun 1981-ci il təvəllüdlü İsmayıl adlı bacanağı Cinayət Məcəlləsinin 62, 66.3 və 185.2.1-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1987-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuş Həciyə isə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Hər üç şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.